İdman obyektləri Avropa Oyunlarına hazırdır [Video]

Avropa Oyunları Parkı

12 daimi və 6 müvəqqəti idman obyektinin yarışlara hazırlığı tam yekunlaşdırılıb

“Bakı-2015” birinci Avropa Oyunlarının idman obyektləri yarışlara hazırdır.

“Bakı-2015” saytının məlumatına görə, Bakı şəhərinin dörd əsas obyektlər qrupunda yerləşən 12 daimi və 6 müvəqqəti idman obyekti birinci Avropa Oyunlarının yarışlarına hazırlığı tam yekunlaşdırıb. Bu obyektlərdən biri olan Bakı Olimpiya Stadionu Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinə ev sahibliyi edəcək. Həmçinin burada növbəti illər ərzində futbol üzrə Azərbaycan milli komandasının ev oyunları və beynəlxalq yarışlar keçiriləcək.

Beşi yeni olmaqla, 12 idman obyekti “Bakı-2015” yarışlarından sonra Oyunların mirası olaraq qalacaq. Bunlar Milli Gimnastika Arenası, BMX Veloparkı, Bakı Su İdmanı Mərkəzi, Bakı Atıcılıq Mərkəzi və Olimpiya Stadionudur.

Hazırlıqları yenicə tamamlanmış Su polosu, çimərlik, basketbol arenaları, Dağ Velosipedi Parkı, triatlon və velosiped yarışlarının keçiriləcəyi idman qurğuları isə yalnız Avropa Oyunları zamanı fəaliyyət göstərəcək müvəqqəti obyektlər sırasındadır. Bundan başqa, 1042 mənzildən ibarət Atletlər Kəndi ilə yanaşı, 10 təlim-məşq və qeyri-yarış obyekti də Oyunlar zamanı idmançılara xidmət göstərəcək.