Avropa Qonşuluq Siyasətinin İcmalı: Daha güclü qonşuluq üçün daha güclü tərəfdaşlıq

Avropa İttifaqı Qonşuluq Siyasəti

Bu gün Avropa Komissiyası və Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Aİ-nın Ali Nümayəndəsi Avropa Qonşuluq Siyasətinin (AQS) icmalının əsas istiqamətlərini açıqlayıb, şərq və cənubdakı qonşularına münasibətdə ittifaqın yanaşmasını dəqiq izah ediblər. İcmaldan sonra Üzv Dövlətlərlə, tərəfdaş ölkələr, beynəlxalq təşkilatlar, sosial tərəfdaşlar, vətəndaş cəmiyyəti və elmi dairələrlə geniş məsləhətləşmələr aparılıb.

"Sərhədlərimiz hüdudlarında və onlardan kənarda çətinliklərlə üzləşdiyimiz bir dövrdə qonşularımızla tərəfdaşlığın daha güclənməsi Avropa İttifaqı üçün vacib məsələdir. Parisdə baş verən terror aktları, eləcə də Livan, Misir, Türkiyə və İraqda olan son hücumlar bir daha göstərmişdir ki, biz qlobal səvliyyəli təhlükə ilə üz-üzə gəlmişik və buna qarşı birləşmiş beynəlxalq icma mübarizə aparmalıdır. Biz birlikdə daha təhlükəsiz mühit qurmalı, ümumi regionda bir çox böhranları həll etməyə çalışmalı, ən kasıb ərazilərin inkişaf və rifahını dəstəkləməli, miqrasiyanın kökündə duran səbəbləri aradan qaldırmalıyıq. Bu, AQS-nın cari icmalında qoyulan məqsəddir ki, ümumi dəyər və maraqlarımızı təşviq edərək, tərəfdaşlarımızı həm də təhlükəsizlik məsələlərində əməkdaşlığın artmasına cəlb edəcəkdir. Bu gün müəyyən edilmiş tədbirlər bizim və tərəfdaşlarımızın cəmiyyətlərinin möhkəmliyini və ümumi məqsədlər naminə birlikdə səmərəli şəkildə işləmək qüdrətimizi artırmaq üçün yollar axtarır", Ali Nümayəndə/Vitse Prezident Federiko Mogerini demişdir.

"Bizim üçün ən təxirəsalınmaz çağırış qonşuluğumuzda sabitliyin olmasıdır. Münaqişələr, terrorizm və radikallaşma hamımızı təhdid edir. Ancaq yoxsulluq, korrupsiya və zəif idarəçilik də təhlükə mənbələridir. Buna görə də həqiqətən ortaq olan birgə maraqlarımız baxımından zəruri yerlərdə tərəfdaşlarımızla münasibətlərimizdə istiqamətləri yenidən müəyyən edəcəyik. Xüsusilə də iqtisadi inkişafda əsas diqqəti gənclərin məşğulluğu və səriştə qazanması məsələlərinə yönəltmək vacibdir", Avropa Qonşuluq Siyasəti və İttifaqın Genişlənməsi Ətrafında Danışıqlar üzrə Komissar Yohannes Haan əlavə etmişdir.

Sabitləşmə, fərqləndirmə və yiyələnmə

AQS-da sabitləşmə məsələsi bu mandatda əsas siyasi prioriteti olaraq götürüləcəkdir. Bütün tərəfdaşların Aİ qayda və standartlarına uyğunlaşmağa çalışmadığını qəbul edərək, hər ölkənin Aİ ilə tərəfdaşlığının mahiyyəti və əhatə dairəsi ilə bağlı onun arzularını əks etdirərək fərqləndirmə və daha çox qarşılıqlı yiyələnmə yeni AQS-nın sonrakı əsas elementləri olacaqdır. Aİ AQS vasitəsilə universal dəyərlərə sadiq qalaraq, onları təşviq etməyə davam edəcək, demokratiya, insan hüquqları, fundamental azadlıqlar və qanunun aliliyini təşviq etmək üçün daha səmərəli yollar araşdıracaqdır.

Əsas sektorlar

Yeni AQS-da hərtərəfli iqtisadi və sosial inkişafın dəstəklənməsi istiqamətində səylər göstəriləcək, gənclər üçün iş imkanlarının yaradılması iqtisadi sabitləşmə üçün görüləcək əsas tədbirlərə daxil olacaqdır. Təhlükəsizlik sektorunda, xüsusilə münaqişənin qarşısının alınması, terrorizmlə mübarizə və anti-radikallaşma siyasətləri sahəsində tərəfdaş ölkələrlə işin fəallaşması yeni fokus məsələ olacaqdır. Bir tərəfdən təhlükəsiz və qanuni mobillik, digər tərəfdən qanunsuz miqrasiya, insan alveri və insanların qeyri-qanuni şəkildə sərhəddən keçirilməsi digər prioritet məsələlərdir. Yekunda, tərəfdaşlarla enerji təhlükəsizliyi və iqlim sahəsində fəaliyyətə daha çox diqqət veriləcəkdir.

Daha çox çeviklik, effektivlik və yeni tərəfdaşlıq yanaşması

Tərəfdaşlığın əsası kimi hər iki tərəf üçün siyasi prioritetlərin ünvanlanması baxımından Aİ öz qonşuları ilə münasibətlərində fokusu dəyişməyi təklif edir. Bu variant tərəfdaşlarla müzakirə ediləcəkdir. Bu, onların prosesə yiyələnməsini artırmaq baxımından mühüm məsələdir. Məqsəd həm də Üzv Dövlətləri daha intensiv şəkildə qonşu ölkələrlə siyasətin müəyyən edilməsinə və onun həyata keçirilməsinə cəlb etməkdir.

Yeni AQS ilə yeni olan bəzi iş metodları tətbiq edəcək, o cümlədən ölkə üzrə ənənəvi illik hesabatlar paketi ləğv olunacaqdır. İndi hesabatvermə hər münasibətin mahiyyətinə və onun iş təqviminə daha çox uyğunlaşdırılacaqdır.

Yeni AQS-da mövcud maliyyə resurslarının daha çevik şəkildə istifadəsinə cəhd göstəriləcəkdir ki, Aİ qonşuluqda olan yeni çağırışlara daha operativ şəkildə reaksiya verə bilsin. Vətəndaş cəmiyyəti, sosial tərəfdaşlar və gənclərlə daha güclü işin aparılması nəzərdə tutulur.

Regional səviyyədə 2015-ci ildə Riqa Sammitində götürülmüş öhdəliklərə uyğun olaraq Şərq Tərəfdaşlığı daha da güclənəcəkdir. Aralıq dənizi regionu üzrə İttifaq cənub qonşuları arasında əməkdaşlığın dəstəklənməsində daha çox rol oynaya bilər. Yeni AQS çərçivəsində qonşuluqdan başqa müvafiq yerlərdə regional çağırışların ünvanlanmasında digər regional iştirakçıların cəlb edilməsi üçün cəhd göstəriləcəkdir.

Növbəti addımlar

Bu gün Birgə Müraciətdə açıqlanan təkliflər yeni prioritetləri və gələcək münasibətləri birgə müəyyən etmək baxımından Üzv Dövlətlər və tərəfdaş ölkələrlə növbəti aylarda müzakirə ediləcəkdir.