Avropa Şurası Nazirlər Komitəsi Avropa Məhkəməsinin Natiq Cəfərli işi üzrə qərarının icrasına nəzarəti dayandırıb

Natiq Cəfərli

Avropa Şurası (AŞ) Nazirlər Komitəsi Avropa İnsan Hüquqları Məhkəməsinin iqtisadçı Natiq Cəfərlinin işi üzrə qərarının icrasına nəzarəti dayandırıb.

Bu barədə Avropa Şurası Nazirlər Komitəsi "Məmmədli qrupu"na daxil olan işlərlə bağlı son toplantısının qərarını açıqlayıb. Həmin məsələ də bu qərarda yer alıb.

Hüquqşünas Xald Ağalıyevin Amerikanın Səsinə verdiyi məlumata görə, hökumət ərizəçiyə münasibətdə bütün fərdi tədbirləri icra edib.

Onun sözlərinə görə, sənəddə məhkəmənin Komitəyə təqdim etdiyi qərarının nəzərə alındığı göstərilir. (N.Cəfərli cinayət törətməsinə dair hər hansı əsaslı şübhə olmadan saxlanılıb və s.) Üstəlik, Azərbaycan dövlətinin AİHM-ın müəyyən etdiyi məbləği ödəməsi də vurğulanır.

Hüquqşünasın sözlərinə görə, şərti olaraq "Məmmədli" adlanan qrupda digər işlər Nazirlər Komitəsinin nəzarətində qalır.

Bu qrupda hüquqşünas İntiqam Əliyev, fəallar Rəşad Həsənov, Rəşadət Axundov, Üzeyir Məmmədli, Zaur Qurbanlı, seçkilərin monitorinqini aparan Anar Məmmədli, jurnalist Xədicə İsmayıl, gənc fəallar Qiyas İbrahimov, mərhum Bayram Məmmədov, iqtisadçı Natiq Cəfərli, hüquq müdafiəçiləri Leyla və Arif Yunusovlar yer alıb.

Natiq Cəfərli 2016-cı ilin avqustunda həbs edilib. Həmin vaxt Natiq Cəfərliyə qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətləri üzrə ittiham irəli sürülüb, məhkəməyə qədər 4 aylıq həbs qətimkan tədbiri seçilib. Rəsmi ittihamda iddia edilir ki, o, aldığı fərdi qrantın qanuni qeydiyyat prosedurlarını pozub, Ədliyyə Nazirliyinə bəyan etməyib. Natiq Cəfərli həmin il sentyabrın 9-a kimi həbsdə saxlanılıb, həmin tarixdə prokurorun müraciəti əsasında azadlığa buraxılıb.