ABŞ gələn il ərzində 10 min suriyalı qaçqının qəbul ediləcəyini bəyan edib

Prezident Obama gələn aydan qaçqınların ölkəyə daxil olmasına hazırlıqlar görülməsinə sərəncam verib

ABŞ gələn il ərzində 10 min suriyalı qaçqının qəbul ediləcəyini bəyan edib.

Ağ Evin sözçüsü Coş Ernest bildirib ki, prezident Obama gələn aydan qaçqınların ölkəyə daxil olmasına hazırlıqlar görülməsinə sərəncam verib.

Ernest Amerikanın hər il dünya ölkələrindən 70 min insanı qaçqın status ilə qəbul etdiyini deyib.

Ağ Evin sözçüsü təhlükəsizlik məqsədi ilə qaçqınların keçmiş fəaliyyətlərinin yoxlanacağını bildirib.

Ağ Evin bəyanatı Avropada minlərlə qaçqının Makedoniyanın Yunanıstanla sərhəd bölgələrindən daşınmasının güclü yağışlar səbəbi ilə çətinləşdiyi vaxta təsadüf edir.

Avropa 160 min miqrantın yerləşdirilməsi üçün ölkələrə görə məcburi kvota tətbiq edəndən sonra Birləşmiş Ştatlar Suriya və digər yerlərdəki müharibələrdən qaçan insanları qəbul edəcəyini vəd edir.

Konqresdə qanunvericilərlə görüşündən sonra ABŞ dövlət katibi Con Kerri bildirib ki, onlar Suriya və Avropadakı böhranla əlaqədar nə qədər qaçqını qəbul edə biləcəklərini müzakirə ediblər.

Avropa Komissiyasının sədri Jan Klod Yunker Avropa İttifaqına üzv ölkələri gələn iki il ərzində əlavə minlərlə qaçqın qəbul etməyə çağırıb, amma kvota sisteminə qarşı çıxan ölkələr buna etiraz edir.

“Mənim yaşamaq istədiyim Avropa yardım edənlərlə təsvir olunub. Mənim yaşamaq istəmədiyim Avropa isə ehtiyacı olnalara yardım etməyəndir,” deyə Yunker bildirib.

Bu sırada isə tikanlı məftillərlə mühasirəyə alınmış çox sayda insan hələ də Macarıstandan qaçmağa çalışır.

Macarıstan Yunkerin üzv ölkələrin kvotaya görə qaçqın qəbulu təklifinə etiraz edir. Yunker həmçinin gələcək qaçqın böhranlarda istifadə olunması üçün Avropa İttifaqı ölkələrinin fövqəladə hallar fonduna ianə etmələrini istəyir.