Avropa Parlamenti jurnalist Xədicə İsmayılova və həbsdə olan digər ictimai fəallar, hüquqşünas və hüquq müdafiəçilərini "dərhal və şərtsiz" azad etməyə çağıran qətnamə qəbul edib.
Nə qədər ki, Azərbaycan hökuməti universal insan haqlarına hörmət etmək istiqamətində konkret addımlar atmır, Azərbaycanla Strateji Əməkdaşlıq Razılığı üzərində danışıqlar dərhal dayandırılmalıdır.
Qətnamədə Azərbaycan hökuməti bütün siyasi məhbusları, insan haqları fəallarını, jurnalistlər və vətəndaş cəmiyyəti fəallarını, o cümlədən Xədicə İsmayılova, Leyla Yunus, Arif Yunus, Anar Məmmədli, Rəsul Cəfərov, İntiqam Əliyev, Rauf Mirqədirov, Ömər Məmmədov, Tofiq Yaqublu, Nicat Əliyev, Araz Quliyev, Pərviz Həşimli, Seymur Həzi, Hilal Məmmədov, Taleh Xasməmmədov, İlqar Məmmədovu dərhal həbsdən azad etməyə, onlara qarşı ittihamları ləğv etməyə çağırılır.
Avropa Parlamenti habelə Azərbaycan hökuməti ilə Strateji Əməkdaşlıq Razılığı üzərində danışıqları dərhal dayandırmağa çağırır.
Qətnamədə Avropa Birliyi rəhbərliyi jurnalist Xədicə İsmayılovanın araşdırmalarında qeyd edilmiş prezident İlham Əliyev və onun ailə üzvlərinə qarşı korrupsiya ittihamları ilə bağlı hərtərəfli təhqiqat aparmağa çağırılır.
Sənəd həmçinin Avropa Komisiyası ilə üzv ölkələri Azərbaycanda davam edən təqiblərə güclü və birgə cavab verməyə, habelə siyasi təqiblərdə əli olan hakimlər, rəsmilər və siyasətçilərə qarşı sanksiya və viza qadağası məsələsinə baxmağa çağırır.
Qətnamə insan haqları, sivil cəmiyyət və xalqlaraarası təmas sahələrini çıxmaqla Avropa Qonşuluq İnstrument çərçivəsində bütün layihələrin maliyyələşdirilməsinin nəzərdən keçirilməsi və lazım gələrsə, dayandırılmasını və Azərbaycanda nümayəndə heyəti göndərmək qərarının geri götürülməsini tövsiyə edir.
Deputatlardan 365-i sənədin lehinə, 202-si əleyhinə səs verib, 72 nəfər bitərəf qalıb.
Qətnamə layihəsinin ingilis dilində mətni ilə bu keçiddə tanış ola bilərsiniz.