Sentyabrın 17-də Avropa İnsan Hüquqları Məhkəməsi "Zerkalo" saytının hazırda İsveçrədə mühacirətdə olan siyasi şərhçisi Rauf Mirqədirovun Azərbaycana və Türkiyəyə qarşı şikayəti üzrə qərarını elan edib.
Avropa məhkəməsinin saytının məlumatına görə, Rauf Mirqədirova münasibətdə Avropa Konvensiyasının 5-ci (Azadlıq və toxunulmazlıq), 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 8-ci (şəxsi həyatın toxunulmazlığı) maddələrinin pozuntusuna yol verilib.
Məhkəmə qərarına görə, Azərbaycan hökuməti Rauf Mirqədirova 20 min avro təzminat ödəməlidir.
Məhkəmə ərizəçinin Türkiyə Respublikasına qarşı Avropa Konvensiyasının 5.4-cü maddə ilə bağlı şikayətini araşdırmağa ehtiyac duymayıb. Türkiyəyə qarşı digər şikayətlər isə qəbuledilməz sayılıb.
Mirqədirov 2014-cü ilin aprel ayında Ermənistanın xeyrinə casusluq etməklə dövlətə xəyanət ittihamı ilə həbs olunub. Sonradan o, 6 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi real həbs müddətini 5 il sınaq müddəti olmaqla, şərti cəza ilə əvəz edib. Bundan sonra Mirqədirov İsveçrəyə mühacirət edib.