Avropa rəsmilərinin miqrantlarla bağlı danışıqları heç bir nəticə verməyib

Yeni razılığın əldə olunması üçün yeni tarix ilin sonuna təxirə salınıb.

Avropa İttifaqının daxili işlər nazirləri bazar ertəsi Aralıq dənizi vasitəsilə Yunanıstan və İtaliyada məsnkunlaşmış 40 minə yaxın afrikalı, asiyalı və yaxın şərqli mühacirlərə müvəqqəti olaraq yaşayacaqları yerə dair qərar verə bilməyib.

Bazar ertəsi Brüsseldə görüşən nazirlər avqusutun 1-dək gələn iki il ərzində qitəyə gələcək mühacirlərin məskunlaşma planını başa çatdırmağa çalışıblar. Lakin yeni razılığın əldə olunması üçün yeni tarix ilin sonuna qədər təxirə salınıb.

Almaniya 10 min mühaciri qəbul edəcəyini bildirib. Lakin Avropa İttifaqının digər ölkələri mühacirləri qəbul etməklə bağlı daxili təzyiqlərlə üzləşir. Məsələn, Britaniya və Danimarka daha çox sığınacaq axtaran mühacirləri qəbul etməyə meylli olmadığını dilə gətirib.

Avstriya və Macarıstan da daha çox mühacir qəbul etməkdən imtina ediblər. Macarıstan hətta mühacir axınının qarşısını almaq üçün Serbiya ilə sərhəddə hasar inşa etməyə çalışır.

Mühacir böhranı və Avropanın bu problemi həll etməkdən imtina etməsi Yunanıstan və İtaliya kimi ölkələrdə ciddi problemlərə gətirib çıxarıb. Bu ilin yanvar-iyun ayları arasında bu iki ölkəyə 137 min mühacir gəlib.

BMT-nin bu ilin əvvəli dərc etdiyi hesabatda qaçqınların üçdə birinin Suriyadan gəldiyi, Eritreya və Əfqanıstandan miqrantların isə gələnlərin 12 faizini təşkil etdiyi bildirilir.

Hesabatda həmçinin bildirilib ki, 2015-ci ilin ilk dörd ayı ərzində dəniz vasitəsilə səfər zamanı ölən mühacirlərin sayı rekord səviyyəyə çatıb. Buna səbəb isə Liviyadan İtaliyaya 800 mühacir daşıyan qayığın batmasıdır. Bu fəlakət zamanı sağ qalanların sayı 50-dən azdır.