Avropa Məhkəməsi Azərbaycana qarşı daha bir iş üzrə kommunikasiyaya başlayıb

Avropa İnsan Hüquqları Məhkəməsi

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycana qarşı daha bir iş üzrə kommunikasiyaya başlayıb. Məzahir Cəfərov və başqalarının (daha 4 nəfər) işi Azərbaycan Mülki Məcəlləsinin 228.2-ci maddəsi üzrə yaşayış sahəsinə istifadə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməsinə aiddir.

Vəkil Fariz Namazlı bildirub ki, həmin işlərdə yerli məhkəmələr iddianı rədd edərkən kompensasiyanın başqa ərazidə analoji şərtlər əsasında yaşamağa imkan verməməsini əsas götürüb.

Avropa Məhkəməsi bu işlər üzrə ədalətli məhkəmə araşdırması hüququ, əsaslandırılmış məhkəmə qətnaməsi almaq hüququ (Avropa İnsan Hüquqları Konvensiyasının 6.1 maddəsi), mülkiyyət hüququnun (1 saylı protokolun 1-ci maddəsi) pozuntusu ilə bağlı hökümətə suallar ünvanlayıb.

Avropa Məhkəməsi həmçinin Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli R.Ağalarovun şikayəti üzrə Azərbaycan Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qərarında "müəyyən müddət" anlayışını və kompensasiya məbləğinin necə hesablanması barədə izah istəyib.