Avropa İttifaqı müvəqqəti olaraq Belarusa qarşı sanksiyaları dayandırır

Avropa İttifaqı ölkələrinin nazirləri Belarusda avtoritar prezidenti Aleksandr Lukaşenkonun bazar günü yenidən prezident seçilməsinin ardınca ölkəyə qarşı sanksiyaların dayandırılmasına razılıq verib.

Avropa İttifaqının Fransanın Avropa ilə əlaqələr naziri Harlem Dezir tərəfindən elan edilən qərarı Lukaşenkonun gözlənilmədən tanınmış altı siyasi dissidentin azad edilməsi haqda sərəncam verməsindən sonra çıxarıb. Siyasi dissidentlərin azad edilməsi Lukaşenkonun iyirmi illik hakimiyyəti dövrü müxalifət liderləri və fəallara qarşı sərt rəftarı ilə əlaqədar sanksiyalar tətbiq etmiş Qərbə tərəf addım kimi qiymətləndirilir.

Avropa İttifaqının sanksiyaları oktyabrın 31-i yenilənməlidir. Rəsmilər sanksiyaların müddətinin uzadılmasını və bundan sonra fevral ayına qədər dayandırılmasını planlaşdırır.

Brüsseldə danışan Dezir deyib ki, səfərlərə qadağa və hesabların dondurulmasını nəzərdə tutan sanksiyalar “lazım gəlsə, dərhal yenidən qüvvəyə minəcək.”

Bu gün bundan əvvəl Aleksandr Lukaşenkonun beşinci dəfə ölkə prezidenti seçildiyi rəsmən elan edilib. Onun səslərin 84 faizini aldığı bildirilir.

Lukaşenko Qərbə tərəf ilk addımı keçən il, Moskvanın ənənəvi müttəfiqi olan Belarusun Rusiyanın Ukraynanın Krım yarımadasının işğalını tanımadığı vaxt atmışdı. O həmçinin Rusiyanın Ukraynanın şərqində hərbi roluna müxalif olduğunu bildirib.