Avropadan Azərbaycana 1000-dən çox adam qaytarılacaq.
Bu haqda Dövlət Miqrasiya Xidmətinin rəhbəri Vüsal Hüseynov noyabrın 20-də ReAl TV-yə müsahibəsində deyib.
Berlində yaşayan ictimai fəal Qurban Ələkbərli də bildirir ki, Almaniyaya qanunsuz gəlmiş hər bir şəxs geri qaytarılma ehtimalını gözləməlidir.
“Əgər 30 il bundan əvvəl gəlmisənsə və vətəndaşlıq almısansa, bunun saxta əsaslarla əldə olunduğu ortaya çıxsa, həmin vətəndaşlıq çox rahat ləğv oluna bilər. Yəni, bu təkcə oturuma yox, hətta vətəndaşlığa da şamil olunur. Hüquqi nöqteyi-nəzərdən burda qeyri adi bir şey yoxdur. Əlbəttə ki, insani problemdir, humanitar problemdir. Təsəvvür elə ki, burda həyatını qurmusan və birdən birə məlum olur ki, nə vaxtsa etdiyin bir saxta işə görə sənin oturumunu əlindən alırlar”.
Polisə aid sənədlər
Qurban Ələkbərli deyir ki, Almaniyada insanları aldadıb, saxta sənədlər düzəldən işbazlar var və onları Almaniya dövləti üzə çıxarıb cəzalandırmaqdadır.
O bildirir ki, tərcüməçi işlədiyi üçün qarşısına xeyli saxta olması təəssüratı yaradan sənədlər çıxıb. Bu sənədlərin bir qismində belə görünür ki, Azərbaycandakı müxalifət partiyaları arayış verib ki, bu şəxs ölkəyə qayıda bilmir, həyatına təhlükə var, sənədlərin bir qismi isə dövlət orqanlarından, məsələn, polisdən alınmış sənədlərə bənzəyir:
“Polisin verdiyi çağırış vərəqləridir, prokurorluq və məhkəmə orqanlarının kiminsə axtarışa verməsi haqqında sərəncamlardır, məhkəmənin İnzibati Xətalar Məcəlləsinin müddəalarının pozulması haqqında hökmlərdir. Tutaq ki, kimsə mitinqdə polisə müqavimət göstərib, ona da 15-30 sutkalıq inzibati həbs cəzası kəsilib. Standart hökmlər verilir. Bax belə sənədlərdir”.
Azərbaycan polisinin belə saxta sənəd iddialarından xəbəri varmı? Bu sualı Daxili İşlər Nazirliyinə ünvanlamaq istəsək də, mətbuat xidməti gün ərzində telefon zənglərimizə cavab vermədi.Avropadan deportasiya olunanlar müsahibə verməkdən çəkinirlər. Adının çəkilməsini istəməyən mənbə AzadlıqRadiosuna deyib ki, onları prokurorluq orqanlarında bir neçə saat dindiriblər. Miqrasiya qanunvericiliyinə görə ölkəyə geri qayıdanlara ehtiyac olarsa, yardımlar da edilməlidir.
Sosioloq Sənubər Heydərli deyir ki, qayıdanlarla bağlı siyasət haqda dövlət məlumat verməlidir:
"Bilinmir ki, onlara təzyiq olunur, yoxsa yox. Hökumət bu istiqamətdə necə işləyir, hələ bilinmir".Dövlət Miqrasiya Xidmətinin rəhbəri Vüsal Hüseynov isə ReAl TV-yə bildirib ki, deportasiya olunan şəxslərin 33 faizi üçün reabilitasiya təmin olunub, onların təhsil, səhiyyə ehtiyacları təmin olunub.
Miqrasiya Xidmətinin rəhbəri Vüsal Hüseynov bildirib ki, xaricə gedənlər əsasən aztəminatlı, orta təhsilli şəxslərdir.
Amma sosioloq Sənubər Heydərova deyir ki, xeyli yüksək savadlı adamlar var ki, ölkədə şərait olmadığı üçün özlərini reallaşdıra bilmirlər və ölkəni tərk edirlər.Sosioloq deyir ki, ölkəni yaşamaq üçün cazibədar etmək lazımdır.
Əli Həsənov: Onların hər birinin fəaliyyəti araşdırılıb və araşdırılacaq
Prezidentin yardımçısı Əli Həsənov isə deyib ki, dövlət qayıdanlara şərait yaradacaq:
“Onların hər birinin fəaliyyəti araşdırılıb və araşdırılacaq. Kimin hansı yolla ölkəni tərk edib, kim xarici ölkəyə hansı adla gedib, bütün bunlar araşdırlacaq. O insanlar Azərbaycan vətəndaşlarıdır. Azərbaycan vətəndaşının hər biri üçün- yaxşısı üçün də, pisi üçün də, nümunəvisi üçün də, qeyri nümunəvisi üçün də bu ölkədə yaşayış şəraiti, fəaliyyət göstərmək şəraiti yaratmağa borcluyuq. Azərbaycan prezidenti İlham Əliyevin siyasətinin təməlində insan dayanır”.
Dövlət Miqrasiya Xidmətinin rəhbəri bildirib ki, qanunsuz miqrantların geri qaytarılması 2014-cü ildə Azərbaycan və Avropa Birliyi arasında saziş əsasında həyata keçirilir və indiyə qədər 1385 nəfər qaytarılıb.