30 avqust Beynəlxalq İtkin Düşmüşlər Günüdür- Azərbaycan 3890 vətəndaşının itkin düşdüyünü bildirir

İtkin düşən hərbçilərin valideynləri aksiya keçirib

30 avqust silahlı münaqişələr, zorakılıq, miqrasiya və təbii fəlakətlər nəticəsində itkin düşmüş minlərlə şəxsin anıldığı Beynəlxalq İtkin Düşmüşlər Günü kimi qeyd olunur.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı Nümayəndəliyi bildirir ki, regionda minlərlə insan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar itkin düşüb. Daha çox sayda insan öz doğmalarının taleyindən xəbərsiz ağrı içində yaşayır.

BQXK müvafiq qurumların itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması və ailələrinə cavab verilməsi istiqamətində gördüyü işlərdə yaxından iştirak edir, onlara dəstək olur.

“İstərdik ki, itkin düşmüş şəxslərin ailələri bilsin ki, onların yaxınları unudulmur. Onlar tək deyillər. Biz isə dövlətlərin səlahiyyətləri daxilində əllərindən gələni edərək, ailələrə cavab verməsi üçün onlara dəstək olmağa, bununla da ailələrin bilmək hüququnu müdafiə etməyə davam edəcəyik,” BQXK-nin baş direktoru Roberto Mardini bildirib.

Dağlıq Qarabağda Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Münaqişənin nizamlanması üzrə vasitəçilik missiyasını həyata keçirmək məqsədi ilə 1992-ci ildə ATƏT-in Minsk Qrupu yaradılıb. Minsk Qrupu 28 illik vasitəçiliyi dövründə tərələr arasında barışıq üçün əhəmiyyətli tərəqqiyə nail ola bilməyib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Razılışmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.

Azərbaycan Müdafiə Nazirliyi son döyüşlər zamanı 7 nəfərin itkin düşdüyünü bildirir.

Ermənistan rəsmi mənbələri isə son döyüşlərdə bir neçə min hərbiçisinin itkin düşdüyün bildirib. Onlardan artıq 1600-dən çoxunun cəsədi tapılıb.

Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatına görə, Dağlıq Qarabağ münaqişəsi başlayandan sonra, 2020-ci il sentyabrın 27-dək hər iki tərəfin ümumi itkiləri 30,000 insan olub. 4,500 insan isə itkin sayılır.

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində 3890 nəfər, o cümlədən 3171 hərbi qulluqçu, 719 mülki (71 uşaq, 267 qadın v 326 qoca) itkin düşmüş şəxs qeydə alınıb.