İsrailin müdafiə naziri Həmasla atəşkəsə görə istefa verib

İsrailin müdafiə naziri Aviqdor Liberman Fələstinlilərin militant qrupu Həmasla atəşkəsə cavab olaraq istefa verib.

Liberman İsrail hökumətində və ölkədə Misirin vasitəçiliyi ilə əldə edilmiş atəşkəsə etiraz edənlər arasındadır. O, İsrail hərbi qüvvələrinin Qəzza Zolağındakı militantlara daha güclü cavab verməsinə üstünlük verir.

O çərşənbə günü bildirib ki, razılaşma “terrora təslim olmaqdır”.

Bundan bir qədər öncə İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında atəşkəs və tərəflər arasında bir neçə gündür davam edən qanlı döyüşlərin dayandırılması qərarını müdafiə edib.

İsrailin baş naziri Benyamin Netanyahu

“Bizim düşmənlərimiz atəşkəs üçün yalvarırdı və onlar bilir nəyə görə”-deyə, Netanyahu bildirib.

Fələstinlilər Libermanın istefasını bayram ediblər. Həmas bunu “Qəzza üçün qələbə” və “Fələstin müqavimətinə qarşı məğlubiyyətin tanınması” adlandırıb.

Qəzzadakı militantların İsrail ərazisinə atdığı 460 raket və qumbara hücumuna cavab olaraq İsrail Qəzzadakı 160 hədəfi nişan alıb.

Döyüşlər zamanı beş fələstinli militant və iki mülki vətəndaş ölüb. İsrail tərəfdən isə raket hücumu nəticəsində bir əsgərin öldüyü, üç nəfərin isə yaralandığı bildirilir.