Şarjadan Qəbələyə təyyarə reysi açılır

Air Arabia şirkətinə məxsus təyyarə

Birləşmiş Ərəb Əmirliklərinin "Air Arabia" şirkəti (loukoster) 2018-ci ilin yayından Şarjadan Qəbələyə birbaşa uçuşlar həyata keçirəcək. Bu barədə "Albawada Business"nəşri məlumat verib.

İlk reys iyunun 27-də nəzərdə tutulub. Biletin qiyməti hər iki tərəfə 374 avro olacaq.

Reyslər həftədə üç dəfə - bazar ertəsi, çərşənbə və cümə günləri olacaq.

Ərəb mənbələrinin məlumatına görə, Qəbələ yumşaq iqlimi və dağ landşaftı ilə seçilir, yayı təbiətdə keçirmək, zəngin mədəni irslə tanış olmaq istəyən səyahətçilər üçün ideal yerdir.

"Air Arabia" qrupunun baş icraçı direktoru Adel Əl Əli deyib ki, Qəbələ populyar yerdir və Fars körfəzi regionundan olanlar üçün çox cəlbedicidir.

"Qəbələyə reyslər sərnişinlərin Fars körfəzindən Azərbaycana sərfəli səfərləri ilə bağlı təkliflərin sayını artırır və bizim Qafqaz regionunda şəbəkəmizi möhkəmləndirir", - o bildirib.

"Air Arabia" həmçinin Bakıya gündəlik birbaşa reyslər həyata keçirir.