Avstraliya Çini Rusiyaya Ukrayna müharibəsinə son qoyması üçün təzyiq göstərməyə çağırıb

Avstraliyanın xarici işlər naziri Penni Vonq Yeni Zelandiyanın Vellinqton şəhərində. 16 iyun 2022.

Avstraliya Xarici İşlər naziri Penni Vonq çərşənbə günü Sinqapurda Beynəlxalq Strateji Araşdımalar İnstitutunda çıxışı zamanı deyib ki, Rusiya üzərində “təsiri” olan böyük ölkələr ondan Ukraynadakı müharibəyə son qoymaq üçün istifadə etməlidirlər.

Hərbi müdaxiləni səbəbsiz, qanunsuz, əxlaqsız və qeyri-insani adlandıran Vonq işğalı qınamayan Çini Ukraynadakı münaqişəyə son qoymağa yardım etməyə çağırıb.

"Çin beynəlxalq təsirini hərbi gücün hüdudlarından kənara çıxarmaq üçün bu gücdən təmkinlə və legitimliklə istifadə etməlidir. Bölgə və dünya indi Pekinin Ukrayna ilə bağlı hərəkətlərini izləyir" , Vonq deyib

Avstraliya Rusiya rəsmilərinə, o cümlədən siyasətçilər və ordu üzvlərinə genişmiqyaslı sanksiyalar tətbiq edib.

Vonq, həmçinin Sinqapurda müxbirlərə deyib ki, Avstraliyanın yeni mərkəz-solçu administrasiyası regional tərəfdaşlara iqlim dəyişikliyinə qarşı mübarizədə daha geniş tədbirlər görməyi vəd edib.

"Avstraliyanın yeni hökuməti iqlim dəyişikliyi ilə bağlı daha böyük ambisiya ilə seçildi. Biz bunu ölkələrimiz üçün də böyük imkan olaraq görürük" -deyə, Vonq bildirib.

Vonq çıxışında Avstraliyanın Cənub-şərq Asiyada sülh və firavanlığa sadiqliyini vurğulayıb.

Sidneydə qərargahlanan tədqiqat qrupu Lowy İnstitutunun analitiki Suzanna Patton Avstraliya Yayım Şirkətinə deyib ki, nazirin çıxışının məqsədi həmçinin Çinlə münasibətlərdə ümumi dil tapmaq olub.

"Məncə onun çıxışı Penni Vonq tərəfindən Avstraliyanın Cənub-şərqi Asiya ilə münasibələtlərini daha müsbət şəkildə yenidən nəzərdən keçirmək və ümumi maraqları müəyyən etmək cəhdi idi, baxmayaraq ki, Avstraliya və Cənub-şərqi Asiya getdikcə daha çox Çini çox fərqli görür" , Patton deyib.

Avstraliyanın Çinlə münasibətləri son illərdə ən aşağı səviyyəyə enib. Onlar arasında Honq Konqda insan hüquqları, demokratiya və Pekinin Cənubi Çin dənizindəki ərazi ambisiyaları ilə bağlı mübahisələr olub. Bundan əlavə onlar bu il Çinin Sakit Okean regionunda ticarət və təhlükəsizlik gündəmini irəlilətmək cəhdləri səbəbilə fikir ayrılığı yaşayıblar.

Avstaliyanın Leyborist hökuməti əvvəlki sağ-mərkəzçi hökumətin Çinə qarşı tez-tez sərgilədiyi qərəzli tonunu aradan qaldırmaq istəyir.

Vonq daha diqqətcil yanaşma vəd edib. Bildirilir ki, onun bu həftə Balidə keçirilən Böyük İyirmilər sammiti çərçivəsində çinli həmkarı Vanq Yi ilə görüşmə ehtimalı var.