Birma parlamenti konstitusiyaya veteran demokratiya müdafiəçisi Aunq San Su Çinin prezident seçilməsinə yol aça biləcək dəyişikliklərin edilməsinə imkan verməyib. Tanınmış demokratiya uğrunda mübariz, Nobel Sülh mükafatı laureatı Aunq San Su Çi 2015-ci ilin noyabrında keçiriləcək prezident seçkilərində iştirak etmək istədiyini ictimaiyyətə bəyan edib. Lakin Birmada hərbi xunta hökuməti dövrünün konstitusiyasına əsasən, həyat yoldaşı və övladları xarici vətəndaş olan şəxs ölkə başçısı seçilə bilməz. Aunq San Su Çinin mərhum həyat yoldaşı və onların iki oğlu Britaniya vətəndaşıdır.
Seçkiyə qatılsa Aunq San Su Çi və onun sədri olduğu Demokratiya naminə Milli Liqanın qələbə əldə edəcəyi gözlənilirdi. Sonuncu dəfə 1990-cı ildə keçirilmiş ümumi seçkilərdə hərbi hökumət Milli Liqanın qələbəsini tanımayıb, Aung San Su Çini ev dustaqlığına məhkum etmişdi. Dünyanın ən tanınmış siyasi məhbusu hesab edilən Aunq San Su Çi 21 illik həbs müddətinin 15 ilini ev dustağı olub və 2010-cu ildə Birmada dəyişikliklərə işarələrin yarandığı vaxt azad edilib. 69 yaşlı müxalifət lideri Birmada hərbi rejimə qarşı qeyri-zorakı yolla mübarizənin simvoluna çevrilib. Forbs jurnalı Aunq San Su Çini dünyanın ən nüfuzlu 100 qadını arasında göstərir.
Demokratiya uğrunda siyasi mübarizə 1945-ci ildə anadan olmuş Aunq San Su Çinin belə görünür taleyinə yazılıb. Onun atası Aunq San 1947-ci ildə müasir Birmanın əsasını qoymuş və elə həmin il rəqibləri tərəfindən qətlə yetirilmişdi. Aunq San Su Çi o zaman 8 yaşında idi. Onun anası Kyin Çi də yeni yaradılmış müstəqil Birmada nüfuzlu siyasi fiqurlardan biri olmuş, Hindistan və Nepalda səfir kimi vəzifəsində çalışmışdı. Anası ilə bu ölkələrdə olmuş gənc Aunq San Su Çi beynəlxalq məktəblərdə təhsil almış, ali təhsilini isə Oksford universitetində davam etdirmişdir. O, 1988-ci ildə xəstə anasına baş çəkmək üçün Birmaya qayıtdığı zaman ona Milli Demokratik Liqaya rəhbərlik etmək təklif edilmişdi. Birma demokratiya fəalının həyatında siyasi mübarizə, ayrılıqlar, məhdudiyyətlər dövrü bununla başlamışdı.
Həyat yoldaşı Makl Aris xərçəng xəstəliyinin son mərhələsində ölüm yatağında olarkən Birmanın hərbi hökuməti Aunq San Su Çinin ölkəyə gəlməsinə imkan verməmiş, bunun yerinə görüşmək üçün onun özünün ölkədən çıxması təklifini vermişdi. Lakin demokratiya fəalı bir daha ölkəyə buraxılmayacağından ehtiyat edərək Birmanı tərk etməkdən imtina etmişdi. Maykl Aris 1999-cu ildə bir daha Aunq San Su Çini görmədən gözlərini bu dünyaya yummuşdu. Xanım Su Çi bu müddətdə övladları ilə görüşmək imkanından da məhrum edilmiş və ilk dəfə oğlu ilə dörd bundan əvvəl görüşə bilmişdi.
Lakin bu uzun siyasi mübarizə dövrü keçdiyi sınaqlar Aunq San Su Çinin əzmi və qətiyyətini sındırmadı. Ev dustağı olduğu müddətdə Aunq San Su Çi vaxtını mütaliə və meditasiya ilə keçirmiş, fransız və yapon dillərini öyrənmiş, emosional vəziyyətini pianoda klassik musiqi ifa etməklə müvazinətdə saxlaya bilmişdi.
Aunq San Su Çi 1991-ci ildə Nobel Sülh mükafatına layiq görülmüşdü, lakin mükafatı almaq üçün onun Osloya getməsinə icazəsi verilməmişdi. Nobel laureatı məruzəsini etmək ona yalnız 2012-ci ildə iyunun 16-da nəsib olmuşdu. O, Nobel məruzəsində bu sözləri demişdi: “Ölkədə bir məhbusun olması da çoxdur”.
2012-ci ilin aprel ayında Aunq San Su Çinin rəhbərlik etdiyi Demokratiya uğrunda Milli Liqa parlament seçkilərində uğurlu qələbəsi Birmada siyasi islahatların qaçılmaz olduğuna dair mesaj kimi qəbul edildi.
Aunq San Su Çi illərdir siyasi məhbus kimi qapalı həyatından sonra dəyişkən və mürəkkəb bir dünyaya qovuşub. Bu, onun vətəni Birmanın 50 ilə yaxındır diktatura və avtoritar idarə-üsulundan sonra yenilik, islahatlar və demokratiya yolunda ilk kövrək addımları ilə üst-üstə düşür.