ATƏT-in seçkiləri müşahidə missiyası fəaliyyətə başlayıb

ATƏT-DTİHB-(logo)

Uzunmüddətli seçki missiyasına 13 beynəlxalq seçki eksperti daxildir. 30 müşahidəçi rayonlara göndəriləcək. Qısamüddətli seçki missiyasında isə 280 müşahidəçi olacaq
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) Azərbaycanda prezident seçkilərinin monitorinq proqramını və müşahidə missiyasının tərkibini açıqlayıb.

ATƏT-in məlumatına görə, proqramda qeyd olunub ki, əsas heyətə missiyanın rəhbəri italyan Tana de Zulueta, missiyanın rəhbərinin köməkçisi danimarkalı Harald Hartvig Jepsen, rusiyalı politoloq Vadim Zhdanoviç, ispanyalı seçki analitiki Adolfo Cayuso Martinez, moldovalı seçki analitiki Pavel Cabacenco, amerikalı hüquq üzrə analitik Megan McCabe Fitzgerald, almaniyalı media analitiki Elma Şehalic, serbiyalı uzunmüddətli müşahidəçilərin koordinatoru Maşa Yanyuşeviç, polşalı əməliyyat mütəxəssisi Pavel Kristof Jurczak, moldovalı təhlükəsizlik mütəxəssisi Valeriu Mija, serbiyalı parlament əlaqələndiricisi Saşa Pokrayaç, gürcüstanlı təchizat və podratçılıq üzrə menecer Lela Tsaava, moldovalı maliyə meneceri Roman Railean daxildir.

Tana de Zuluetanın rəhbərlik etdiyi 13 beynəlxalq ekspertdən ibarət uzunmüddətli missiyanın mənzil-qərargahı Bakıda yerləşəcək, 30 müşahidəçi isə regionlara göndəriləcək.

ATƏT DTİHB-in qısamüddətli missiyasının tərkibinə 280 müşahidəçi daxil olacaq.

Proqrama əsasən uzunmüddətli müşahidəçilər sentyabrın 9-da, qısamüddətli müşahidəçilər isə oktyabrın 5-də Bakıya gələcək.

Uzunmüddətli müşahidəçilərin ölkə üzrə bölüşdürülməsi sentyabrın 11-nə, qısamüddətli müşahidəçilərin ölkə üzrə bölüşdürülməsi isə oktyabrın 7-nə planlaşdırılıb.

Seçkilərdən bir gün sonra, oktyabrın 10-da ATƏT DTİHB-in missiyası mətbuat konfransı keçirərək ilkin müşahidələrin nəticələrini açıqlayacaq.

Qısamüddətli missiya Azərbaycanı oktyabrın 11-də, uzunmüddətli missiya isə oktyabrın 15-də ölkəni tərk edəcək.

Xatırladaq ki, ATƏT DTİHB 1995-ci ildən Azərbaycanda 8 seçkini, o cümlədən 2008-ci il prezident seçkilərini müşahidə edib.