Atəşkəs dövründə 785 hərbçi dünyasını dəyişib

Əsgər ölümü

Son 22 il ərzində (1994-cü ilin 12 mayından 2016-cı ilin 7 aprelinədək) Azərbaycan – Ermənistan qoşunlarının təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin 2 minə yaxın hərbi qulluqçusu dünyasını dəyişib və ya yaralanıb. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutu (Caspian Defense Studies Institute) tərəflər arasında atəşkəs müqaviləsinin imzalandığı vaxtdan keçən dövrdə mətbuatın monitorinqinin nəticələrinə əsaslanaraq məlumat yayıb.

Qurumun rəhbəri Cəsur Sümərinli bildirir ki, sözügedən müddətdə ən azı 785 Azərbaycan hərbçisi erməni gülləsindən dünyasını dəyişib. Həmin dövrdə yaralananların ümumi sayı isə 850 nəfərdən yuxarıdır.

“Bizim kütləvi informasiya vasitələri üzərində apardığımız monitorinqin nəticələri, hərbi mənbələrdən əldə etdiyimiz məlumatlar, eyni zamanda əsgər valideynlərindən əldə etdiyimiz müxtəlif informasiyalara görə, itkilərin sayı təxminən bu göstərici çərçivəsindədir”, o qeyd edib.

22 il ərzində 125-dən artıq Azərbaycan hərbçisi mina partlayışından vəfat edib. 210-dan artıq hərbi qulluqçu isə mina partlayışından yaralanıb.

Bundan başqa, sözgüdən müddətdə Azərbaycanın 70-dən artıq mülki vətəndaşı yaralanıb, həmin dövrdə həlak olan mülki vətəndaşların sayı 30-dan çoxdur. Mina partlayışından dünyasını dəyişən mülkilərin sayı 35 nəfər, yaralananların sayı isə 52 nəfərdir. Qeyd edilən dövrdə Azərbaycanın 10 mülki vətəndaşı girov götürülüb, sonradan qaytarılıb.

Sözgüdən dövrdə Azərbaycan Silahlı Qüvvələrinin 30-dan artıq hərbi qulluqçusu əsir götürülüb və onlardan 5-i 3-cü ölkəyə göndərilib, qalanları isə müxtəlif vaxtlarda Azərbaycana qaytarılıb.