Xaçmazda at-eşşək məzarlığı aşkarlanıb

At-eşşək məzarlığı

Güman edilir ki, at-eşşəklərin ətindən kolba istehsalında istifadə olunub
Xaçmaz rayonunda meşəlik ərazidə çox sayda yüzlərlə təkdırnaqlı heyvanların skeleti və aşağı ətrafları aşkarlanıb.

APA agentliyinin məlumatına görə, Xaçmaz rayonunun Qımıl kəndi (Bakıdan 180 kilometr şimal) ərazisində, avtomobil yolundan 250-300 metr aralıda meşə massivində təxminən 1000-dək at və eşşək cəsədi aşkar edilib.

Meşə gözətçisi İlyas İlyasov agentliyə deyib ki, bu vəzifəyə yeni təyin olunub, ərazini təhvil-təslim edərək bura baxış keçirdiyi zaman bu faktla qarşılaşıb. Onun sözlərinə görə, meşənin üç yerində bu cür heyvan məzarlığı var. O bu barədə artıq rəhbərliyə məlumat verdiyini də deyib.

Ehtimal olunur ki, bu heyvanların ətindən kolbasa istehsalında istifadə olunur, cəsədlərin qalıqları əraziyə axşam saatlarında gətirilir.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli Amerikanın Səsinə faktı təsdiq edib.

“Xaçmaz rayonunda çoxsaylı təkdırnaqlı heyvanların ətrafları və skeletləri aşkarlanıb. Bu çox güman ki, işbazlar tərəfindən kəsilmiş at və eşşəklərin meşə sahəsinə atılmış skelet və aşağı ətraflarıdır. Hazırda Dövlət Baytarlıq Xidmətin Xaçmaz rayon şöbəsi tərəfindən araşdırma aparılır”, Xanvəli qeyd edib.

Onun sözlərinə görə, araşdırmalardan sonra hüquq mühafizə orqanlarına müraciət ediləcək.