İranda ən azı 44 vəkil həbs edilib

Vaşinqtonda iranlı etirazçılar yürüş edir. 17 dekabr, 2022.

İranda baş örtüyünü düzgün taxmadığına görə saxlanılan kürd qadın Məhsa Əmininin ölümündən sonra baş qaldıran hökümət əleyhinə kütləvi etirazlardan bəri azı 44 vəkilin həbs edildiyi bildirilir.

Məlumatda deyilir ki, vəkillərdən 20-si polisin nəzarətindən buraxılsa da, ikisinə hökm çıxarılıb – biri altı, digəri isə bir il həbs cəzasına məhkum edilib. Onların hər ikisinin ölkədən çıxışına qadağa qoyulub.

Noyabr ayında bir qrup vəkil bəyanat yayaraq bir çoxlarının artıq İslam Respublikası ilə maraqlanmadığını deyib və insanları öz narazılıqlarını dilə gətirməyə çağırıb.

Bir neçə vəkil saxlanılan nümayişçiləri pulsuz müdafiə edəcəklərini elan edib, ancaq İran müstəqil vəkillərin nümayişçiləri əksəriyyətini müdafiə etməyə icazə vermir, baxmayaraq ki, bəzi etirazçılar ölüm cəzası ilə üzləşir. Artıq ən azı iki etirazçı edam edilib.

Hüquqşünaslar və insan haqları ekspertləri deyirlər ki, nümayişçilərin məhkəmələri ədalətli deyil, çünki ola bilər ki, etirazçılar müxtəlif təzyiqlər, o cümlədən işgəncələrlə etiraflar etməyə məcbur edilib.