Elmar Məmmədyarov AŞPA məruzəçisi ilə görüşüb

Elmar Məmmədyarov və Militsa Markoviç

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) “Azərbaycanın sərhəd rayonlarının əhalisinin sudan məhrum edilməsi” mövzusunda məruzəçisi Militsa Markoviçlə görüşüb.

Militsa Markoviç məruzəsini hazıralamaq üçün Azərbaycanda səfərdədir. O Sərsəng su anbarından istifadə edən cəbhə bölgəsinin əhalisi ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Elmar Məmmədyarov vaxtilə tikilmiş Sərsəng su anbarının ətrafda yaşayan insanların və kənd-təsərrüfatının su ilə təmin edilməsi üçün nəzərdə tutulduğu barəsində məlumat verib.

“Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğal nəticəsində insanlar Sərsəng su anbarından istifadədən məhrum olub. Ermənistan tərəfi Sərsəng su anbarını təhdid məqsədilə istifadə edir, yaz aylarında anbarı açaraq ətraf ərazilərin su altında qalmasına şərait yaradır, suya ehtiyac duyulan isti aylarda isə onun istifadəsinə imkan vermir”, nazir qeyd edib.

Militsa Markoviç insanın çörəksiz yaşaya bildiyi halda, susuz yaşaya bilmədiyini qeyd edib. Ona görə də bu layihənin sırf humanitar məqsəd daşıdığını qeyd edən Markoviç siyasi məqamların da istisna edilmədiyini nəzərə çatdırıb.

Münaqişənin həlli prosesi haqqında məlumat verən nazir Elmar Məmmədyarov Azərbaycanın ATƏT-in Minsk Qrupunun fəaliyyətindən narazı olduğunu vurğulayıb. Biz o zaman razı olardıq ki, Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılsın deyə Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun fəaliyyətinin hər hansı nəticəsinin olmadığını qeyd edib.

Məmmədyarov ümid edir ki, hesabat hazır olandan sonra AŞPA üzvləri və geniş beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı təcavüzünün humanitar fəsadlarından olan Azərbaycan əhalisinin üzləşdiyi su problemi ilə yaxından tanış olmaq imkanı əldə edəcək.