Anna Brasser: Parlament seçkilərini müşahidə missiyasının bütün üzvlərinin Azərbaycana gedə bilməsini istəyirik

Ann Basser

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Bürosunun Strasburqdakı iclasında Azərbaycanda bu il keçiriləcək parlament seçkiləri ilə bağlı assambleyanın müşahidə missiyasının yaradılması müzakirə olunub.

APA agentliyinin məlumatına görə, toplantıda uzunmüddətli müşahidə missiyasının tərkibinin formalaşdırılması üçün alt komitə yaradılıb. Azərbaycana gələcək missiyanın tərkibini məhz bu komitə müəyyənləşdirəcək.

Azadliq.info saytınını məlumatına görə isə AŞPA sədri Anna Brasser bu gün jurnalistlər üçün keçirdiyi brifinqdə deyib ki, Avropa Şurası Parlament Assambleyası (AŞPA) bu ilin payızında Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidə missiyası göndərməyi nəzərdə tutur. Lakin missiyanın bütün üzvlərinin Azərbaycana buraxılmayacağından narahatdır.

“Biz Azərbaycanda keçiriləcək parlament seçkilərini izləməyə müşahidəçilər göndərməyi nəzərdə tutmuşuq. Lakin müşahidə missiyasının bütün üzvlərinin Azərbaycana gedə bilməsini istəyirik. Bu haqda Azərbaycan tərəfinə öz mövqeyimizi çatdırmışıq”,xanım Brasser bildirib.

AŞPA sədri xatırladıb ki, 2014-cü ildə qurumun Daimi Komitəsi və Bürosunun Bakıda keçirilən iclaslarında Fransa nümayəndə heyətinin rəhbəri Röne Ruke, ölkəyə buraxılmadığı üçün, iştirak edə bilməyib.

Azərbaycanda parlament seçkilərinə müşahidə missiyası göndərmək AŞPA Bürosunun iclasında da müzakirə olunub. Büro müşahidə missiyasının yaradılmasına razılıq verib. Uzunmüddətli müşahidə missiyasının tərkibini formalaşdırmaq üçün alt komitə yaradılıb.