AŞPA-nin xüsusi komitəsinin üzvləri MSK sədri ilə görüşüb

Məzahir Pənahov

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda keçiriləcək parlament seçkilərinin müşahidəsi üçün yaradılan xüsusi komitəsinin üzvləri ilə görüşüb.

MSK-nın Media və İctimaiyyətlə Əlaqələr Şöbəsinin məlumatına görə, görüşdə MSK sədri rəhbərlik etdiyi qurumun nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası və onun müxtəlif qurumları ilə çoxillik əlaqələrinə daim önəm verdiyini bildirib, seçkilərlə bağlı müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Nümayəndə heyətinin rəhbəri Xordi Şukla və komitənin üzvləri bu il Milli Məclisə keçiriləcək seçkilərə hazırlıqla bağlı görülmüş işlərlə maraqlanıb. Nümayəndə heyətinin suallarını cavablandıran MSK sədri Məzahir Pənahov vətəndaşların aktiv və passiv seçki hüquqlarının daha səmərəli təmin olunması üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər, atılan addımlar və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib.

Görüşdə həmçinin müxtəlif sahələrdə qurumlararası əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

AŞPA-nin xüsusi komitəsinin üzvləri görüşlə bağlı mediaya hələ açıqlama verməyib.