Aslan İsmayılov saxlanıldı

Bir neçə gün öncə Vəkillər Kollegiyasının qərarı ilə vəkillikdən xaric edilən tanınmış hüquqşünas Aslan İsmayılov saxlanılıb. Bu barədə məlumatı Aslan İsmayılovun özü Turan İnformasiya Agenliyinə təsdiq edib.


Saat 18:00-da DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin binası yaxınlığında Nərimanov rayon polis əməkdaşları vəkil Aslan İsmayılovu saxlayıblar və avtomobilə mindirərək, aparıblar.


Nərimanov polis şöbəsindən İsmayılov Turan agentliyinə zəng edib və hər bir saatda bir ondan telefon zəngi gəlməsə, bu, ona qarşı zorakılıq kimi qiymətləndirilməlidir.


İsmayılov MCMBİ binası qarşısına mayın 9-da həbs edilmiş bloger Rəşad Ağaddinə mənəvi dəstək göstərmək üçün gəlmişdi.


Bundan əvvəl o, mətbuat konfransı keçirərək, narkotik saxlamaq ittihamı ilə həbs edilmiş Ağaddinin vəkili Rövşən Şirinov onun yanına buraxılmadığını bildirib və ictimaiyyəti müdafiə tərəfi dəstəkləməyə çağırıb.


Saat 17-də Şirinov müvəkkili ilə görüşmək üçün MCMBİ binasına daxil olub. Rəşad Ağaddin facebook sosial şəbəkəsində hakimiyyətin ünvanına kəskin tənqidləri ilə məşhurdur.


Aslan İsmayılov son zamanlar xüsusilə sosial şəbəkələrdə Azərbaycan hökumətini sərt tənqidi edirdi.

Amerikanın Səsinə son müsahibəsində o, başqaları kimi qul olmadığını bildirmişdi. “Son iki ildə mən mütəmadi olaraq Prezident Admiristrasiyasının rəhbəri Ramiz Mehdiyevi qanunsuzluqda, korrupsiyaya bulaşmaqda ittiham etmişəm. Hamısı bununla bağlıdır. Onların göstərişi olmadan, ən azı Ramiz Mehdiyevin göstərişi olmadan, məni heç kim vəkillikdən çıxarmazdı” - deyə Aslan İsmayılov Amerikanın Səsinə bildirmişdi.