Asiya İnkişaf Bankının hesabatına görə, ərzaq məhsullarının qiymətinin qalxması inkişaf etməkdə olan Asiya ölkələrində milyonlarla insanı səfalətə sürükləyəcək.Asiya İnkişaf Bankının araşdırmaları 2011-ci ilin əvvəlində bir çox regional iqtisadiyyatlarda yerli ərzaq məhsullarının qiymətinin10 faiz qalxdığını göstərir.
Asiya İnkişaf Bankında Regional və Davamlı İnkişaf Şöbəsinin rəhbəri Xinbin Yao deyir ki, qiymətlərin kəskin şəkildə qalxması əlavə 64 milyon insanın yoxsulluğuna yol açacaq.
Yao: `İqtisadiyyatının sürətlə güclənməsinə baxmayaraq Asiya hələ də dünyada yoxsulların əksəriyyətinin vətənidir. Hal- hazırda 900 milyon mütləq yoxsul həyat tərzi keçirən insan var. Bu insanlar gəlirlərinin üçdə iki hissəsini və ya üçdə iki hissəsindən də çoxunu ərzağa xərcləyir. Beləliklə ərzağın qiymətində 10 faiz artım onlara ciddi təsir göstərir.`
Bəzi ərzaq məhsullarının inflyasiyası gözlənilirdi. Lakin hesabatda deyilir ki, Asiya ərzaq məhsullarının dəyərinin kəskin və davamlı şəkildə artması, neftin qiymətinin iki dəfə qalxması ilə bərabər Asiya iqtisadiyyatını zəiflədə bilər.
2011-ci ilin əvvəllərində artmağa başlayan qlobal ərzaq və neft qiyməti ilin qalan hissəsində də artmaqda davam etsə, regionda iqtisadi inkişaf 1.5 faiz azala bilər.
Hesabatda deyilir ki, 2008-ci ildə ərzaq məhsullarının qiymətinin qalxmasına səbəb olan amillər yenidən baş qaldırmaqdadır. Buna daha zəngin ölkələrdən asılılq, taxıl istifadəsinə dair rəqabət, kənd təsərrüfatı üçün isitifadə olunan ərazilərin azlığı və məhsul tədarükünün azalması daxildir.
Bundan başqa bu il dolların zəifləməsi və pis hava şəraiti nəticəsində istehsalın azalması qiymətlərin qalxmasına səbəb ola bilər. Yao böhrandan çıxış yolunu taxıl və düyünün tələbatdan daha artıq əldə edilməsi üçün ixrac qadağalarının qaldırılmasında görür.
Yao: `Asiya Inkişaf Bankı gələcəkdə baş verə biləcək bu kimi fövqəladə hallarla mübarizə sistemini işləyib hazırlamaq məqsədi ilə bu qrupa aid ölkələrlə bərabər işlər görür. Bir ölkənin ərzaq məhsulunun idxalına ehtiyacı olana bu təlabatı qarşılamaq iqtidarında olan ölkələr yardım etməlidir. Yəni burada rəqabətdən çox əməkdaşlıq münasibətləri olmalıdır.`