Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Asif Yusiflinin işi üzrə məhkəmə istintaqı başa çatıb.
AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ müharibəsi əlili Asif Yusifli noyabrın 25-də dələduzluq (CM-in 178-ci maddəsi) və sənədlərin saxtalaşdırılması (320-ci maddə) ittihamları ilə həbs edilib. A.Yusifli ittihamları rədd edərək öz həbsini siyasi motivli sayır.
Vəkil Fəxrəddin Mehdiyev Amerikanın Səsinə bildirib ki, iyulun 9-da prosesdə Təhsil Nazirliyinin keçmiş əməkdaşı, dələduzluq işi üzrə məhkum edilmiş Rafiq Hüseynov ifadə verib.
Müttəhim bildirib ki, zərərçəkən Fəridə Zülfüqarovanın oğlunu başqa ali məktəbə keçirmək üçün ondan pul alıb. R.Hüseynov A.Yusiflinin günahsız olduğunu deyib.
Sonra məhkəmə sənədləri, əsasən A.Yusiflinin xasiyyətnaməsini araşdırıb.
Bundan əlavə, məhkəmə zərərçəkənin ərizəsini araşdırıb. Zərərçəkən bildirib ki, A.Yusifli ona dəyən maddi zərəri ödəyib və onun heç bir iradı yoxdur.
Məhkəmə həmçinin xəttin yoxlanması üzrə ekspertizanın rəyini nəzərdən keçirib və məlum olub ki, zərərçəkənin oğluna verilən tələbə biletindəki imza A.Yusifliyə məxsus deyil.
Vəkilin fikrincə, sənədlərin araşdırılması göstərib ki, A.Yusifli günahkar deyil.
Bundan sonra məhkəmə istintaqının başa çatdığı elan edilib.
Hazırda məhkəmə tərəflərin yekun çıxışların dinlənilməsinə başlayıb.
Növbəti iclas iyulun 15-nə təyin edilib.