Pakistan prezidenti Asif Əli Zərdari Əl-Qaidə lideri Üsama Bin Ladenin öldürülməsinin birgə əməliyyatın nəticəsi olmasa da, Pakistanın Amerika ilə on illərdir dünya sivilizasiyasına təhlükənin aradan qaldırılmasında əməkdaşlıq etdiyini deyib. Washington Post qəzetində dərc edilən məqalədə deyilir ki, Zərdari Pakistanın terrorçulara qarşı lazımı mübarizə aparılmadığına dair tənqidləri rədd edərək, ölkəsinin terrorizmin qurbanı olduğunu bildirib. Pakistan prezidenti deyib ki, Bin Ladenin ölümü günahsız insanları hədəf alanlara qarşı müharibənin qələbəsi olmasa da, sonun başlanğıcıdır. Pakistanda bəziləri ABŞ-ın ölkə daxilindəki əməliyyatına qəzəblərini bildirir. Digərlərini isə Pakistanın terrorçulara sığınacaq verdiyinə görə, o ölkənin tənqidlərə məruz qalacağı narahat edir.