Azərbaycan rəsmisinin Əsəd rejimi ilə bağlı fikirləri tənqidlə qarşılanır [Audio-Müsahibələr]

Araz Əzimov

XİN, ictimai-siyasi xadimlər Araz Əzimovun dediklərini şərh edir

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Avstriyanın “Die Presse” qəzetinə müsahibəsində (http://virtualaz.org/uzbeuz/63731) bildirib ki, “Bəşər Əsəd Suriyanın ərazi bütövlüyünün və təhlükəsizliyinin yeganə qarantıdır”.

“Atı arabadan qabağa qoşmaq olmaz. Addım-addım irəliləmək lazımdır. Bəşər Əsəd prezident kimi hazırda ərazi bütövlüyünün və təhlükəsizliyin yeganə qarantıdır. Onun ordusu hüquqi institutdur. Biz Əsədin varisi tərəfindən əvəzlənənə qədər prezident kimi qalmasını nəzərdə tutan hərtərəfli siyasi prosesi dəstəkləyirik”, Əzimov qeyd edib.

Nazir müavini Suriya böhranı ilə yanaşı manatın devalvasiyasıdan da danışıb, Amal Kluninin jurnalist Xədicə İsmayılı müdafiə etməsini, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunu kəskin tənqid edib. O həmçinin Azərbaycanın Avropa İttifaqına üzv olmaq istəmədiyini deyib.

Nazir müavininin müsahibəsi ölkədə birmənalı qarşılanmayıb, ciddi tənqidlərə səbəb olub.

Nazir müavininin müsahibəsindən sonra Azərbaycan Xarici İşlər Nazirliyi bir daha Azərbaycanın Suriya böhranı ilə bağlı rəsmi mövqeyini açıqlayıb.

Your browser doesn’t support HTML5

Hikmət Hacıyevin Amerikanın Səsinə müsahibəsi

Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Amerikanın Səsinə müsahibəsində bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev fevralın 4-də Londonda “Suriyaya və regiona dəstək” adı altında keçirilmiş konfransda çıxış edərək Suriya böhranı ilə bağlı Azərbaycanın mövqeyini və yaşanan humanitar fəlakətin aradan qaldırılması ilə əlaqədar ölkənin təcrübəsini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.

Hikmət Hacıyev

“Biz ən əsası, bölgədə sülh və atəşkəsin bərqərar olması və Suriya xalqının iradəsinə uyğun olaraq böhranın siyasi həllinin tapılmasının tərəfdarıyıq", Hacıyev qeyd edib.

Bununla yanaşı müstəqil politoloqlar, müxalifət liderləri nazir müavininin mövqeyini ciddi tənqidə məruz qoyub.

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Əzimovun Suriyada Əsəd rejimini müdafiə etməsini sərt tənqid edib.

Politoloq hesab edir ki, Azərbaycan üçün indiki mərhələdə ən həyati əhəmiyyətli məsələ ölkənin Suriya prosesində iştirakı və tutacağı yerdir.

Ərəstun Oruclu

“Bəli, nə qədər təəccüblü görünsə də, belədir, çünki Suriya ətrafında cərəyan edənlər yeni dünya düzəninin formalaşmasına aparan yolun mühüm bir parçasıdır. Bu məsələ ilə bağlı xeyli müddətdir Azərbaycana qapalı və açıq təsirlər fonunda ölkə rəhbərliyinin prosesdən kənarda qalmaq istəyi real siyasət anlayışlarından uzaqdır. Bir tərəfdən İlham Əliyevin Londonda keçirilən Suriya ilə bağlı konfransa qatılması, bunun ardınca isə Araz Əzimovun Avstriyanın "Die Presse" qəzetinə müsahibəsində cinayətkar Əsəd hakimiyyəti haqqında Rusiyanın siyasətini dəstəkləyən mövqe ifadə eləməsi (təbii ki, Əzimov heç bir halda öz şəxsi fikrini söyləyə bilməz) rəsmi Bakının mövqesizliyinin bariz nümunəsidir. Burda söhbət Əsəd rejiminə münasibətdən getmir və Əliyev hakimiyyəti bu məsələdə rəyinə ehtiyac olan bəlkə də ən sonuncu söz sahibidir. Başlıca təhlükəli məqam ABŞ rəsmilərinin (səfir Sekutanın və Minsk Qrupundakı təmsilçi Uorlikin) Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməli olması və Türkiyənin Baş naziri Əhməd Davudoğlunun Rusiyanın Azərbaycanın ərazi bütövlüyünün əleyhinə olması barədə bəyanatları fonunda rəsmi Bakının açıq rusiyapərəst mövqe nümayiş etdirməsidir. Buradan asanlıqla anlamaq olur ki, Azərbaycanın ərazi bütövlüyü bugünkü hakimiyyət üçün prioritet məsələ deyil və əslində bu, yeni bir fenomen deyil. İllər boyu söylədiyimiz də bu idi ki, bunlar üçün yeganə strateji məqsəd yalnız maksimum müddətə hakimiyyətdə qalmaqdır. Bunu da artıq özləri etiraf elədilər”, politoloq qeyd edib.

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər bildirib ki, Azərbaycan mediasında, demokratik ictimaiyyət tərəfindən bu müsahibəyə görə Araz Əzimov çox ciddi tənqid olunub, onun bir sıra cavabları çox ciddi şəkildə şərh olunub, səhvlərinin nədən ibarət olduğu, Azərbaycanın maraqlarının nədən ibarət olduğu qeyd olunub.

Your browser doesn’t support HTML5

İsa Qəmbərin Amerikanın Səsinə müsahibəsi

“Eyni zamanda bu müsahibəyə görə, Araz Əzimova bir təşəkkür də düşür. Çünki Araz Əzimov əslinə qalsa Əliyev rejiminin nəinki xarici, daxili siyasətini də ifşa edib. Yəni bu insan demokratiya, azadlıqlar, siyasi məhbuslarla bağlı suala cavab verib ki, ASAN Xidmət yaratmışıq və orada asanlıqla şəxsiyyət vəqsiqəsi almaq mümkün olur. Daha sonra seçkilərdə beynəlxalq müşahidə məsələsindən söhbət gedəndə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu çox sərt şəkildə tənqid edir. Hətta bu qurumun rəhbəri Maykl Linkin çox sərt şəkildə Azərbaycandan üzr istəməli olduğunu bəyan edir”.

İsa Qəmbər

İsa Qəmbərin fikrincə, demokratiya nümayəndələrinə çox sərt münasibət göstərən Araz Əzimov nədənsə Əsədi çox ciddi cəhdlə müdafiə edir.

“Burada Azərbaycan hakimiyyətinin mahiyyəti ortaya çıxır. Aydın məsələdir ki, belə bir münasibət Azərbaycanın Rusiya, İran kimi diktaturanı müdafiə edən ölkələrin yanında yer almasının sübutudur. Bu Azərbaycanın köklü maraqlarına cavab verən azad dünya ilə, beynəlxalq birliklə əlaqələrinə çox ciddi zərbədir. Ən önəmli məqamlardan biri budur ki, Azərbaycanın strateji müttəfiqi Türkiyənin də mövqeyinə daban-dabana zidd mövqe ortaya qoyulur. Bütövlükdə Araz Əzimovun müsahibəsindən hamının bildiyi, hamının dediyi məsələlər hakimiyyətin yüksək vəzifəli şəxsi tərəfindən etiraf olunur. Azərbaycan hakimiyyəti bütün dünyada diktatura rejimlərinin yanındadır, diktatura rejimlərinə tam dəstək verən Rusiya, İran kimi dövlətlərin yanında yer alıb və azad dünya ilə, demoktratik dünya ilə əməkdaşlıq, birlik, bərabərlik hədlərinə isə tamamilə zidd mövqe tutur. Məhz buna görə də istər Müsavat Partiyası, istər Milli Strateji Düşüncə Mərkəzi, istərsə də demokratik düşərgənin qurumları hakimiyyətin xarici siyasət kursunu dəfələrlə qınayıb, doğru yolun nədən ibarət olduğunu, Avroatlantik inteqrasiyanın zərurətini dəfələrlə şərh edib”, o qeyd edib.

Azərbaycanın Rusiyadakı keçmiş Hikmət Haacızadə meydan.tv saytına bildirib ki, Əzimovun açıqlaması Azərbaycanın Suriya məsələsində İran və Rusiyanın mövqeyindən çıxış etməsidir.

Hikmət Hacızadə ilə Müsahibə

"Bu açıqlamanı iki yöndən şərh etmək olar. Birinci, Azərbaycan Moskva və Tehranın mövqeyini Suriya məsələsində dəstəkləyir. İkinci, Azərbaycan hakim elitası ilə Suriya hakimiyyəti eyni dünyagörüşə malikdirlər. Hər iki rejim eyni mahiyyətlidir, eyni davranışlıdır. Məsələ ondadır ki, hakimiyyətdəkilərin Bəşər Əsədə böyük sevgisi var".

Hikmət Hacızadə Əzimovun açıqlamasını həm də Türkiyənin baş naziri Davudoğluna bir cavab da sayır: "Bilirsiniz, rəsmi Bakını bir az sıxsalar, deyəcək ki, Türkiyə baş naziri Azərbaycanın adından danışa bilməz".

Siyasi şərhçi Zərdüşt Əlizadə isə fərqli düşünür və beynəlxalq hüquqa istinad edir.

Zərdüşt Əlizadə

"Suriyanın bütövlüyü Azərbaycanın da mənafeyinə cavab verir. Biz beynəlxalq hüquqa söykənir və bəyan edirik ki, beynəlxalq hüquqa əsasən Qarabağ Azərbaycan ərazisidir. Ermənistan isə hərbi müdaxiləylə ərazimizi parçalayıb. Bütün dünyaya bəllidir ki, Suriyadakı qiyamçıları Qərb və ərəb dövlətləri müdafiə edir. Bəşər Əsədi yıxmaq bəhanəsilə Suriyanı parçalayırlar. Bizim əks tərəfdə olmağımız o deməkdir ki, Qarabağı sözdə də istəmirik".

Rusiya və İranın Əsədi dəstəkləməsinə gəlincə, siyasi şərhçi deyib ki, indiki Suriya hakimiyyətini Avstraliya da dəstəkləyə bilərdi, bu, o demək deyil ki, Azərbaycan Avstraliya tərəfdən çıxış edir.

"Biz beynəlxalq hüququn tərəfindəyik. Əgər Qərb, mürtəce ərəb rejimləri geosiyasi və iqtisadi maraqlarına görə beynəlxalq hüququ pozursa, bizə lazımdırmı onların tərəfində olaq?! Bizim öz məqsədimiz olmalıdır və Qarabağ olayında beynəlxalq hüququn tərəfindəyik. Yaxud Ukraynanın bütövlüyünün tərəfindəyik və bu, o demək deyil ki, Rusiyaya qarşı çıxırıq. Ya da Kosova məsələsində Qərbi dəstəkləmədik, bu, Avropaya qarşı çıxmaq deyil. Biz bu kimi məsələlərdə beynəlxalq hüquqa söykənib özümüzü müdafiə etməliyik", o qeyd edib.

Milli Məclisin deputatı Fazil Mustafa da Araz Əzimovun müsahibəsinə sərt mövqe bildirib.

Fazil Qəzənfəroğlu

“Azərbaycan Xarici İşlər Nazirliyindən ən yüksək ranqlı bir məmur çıxıb desə ki, mən İŞİD-i dəstəkləyirəm, və ya başqa birisi özünü Hizbullah heyranı kimi təqdim etsə, yaxud digəri mən Putin uğrunda ölümə getməyə hazıram desə, inanın ki, qətiyyən təəccüblənmərəm. Burası guya ki, Azərbaycanın ən önəmli nazirliyidir, ancaq fəaliyyətinin ən az Azərbaycana dəxli olduğu görünür. Bu qurumun ən təcrübəli və ağıllılarından biri Araz Əzimov sayılır, adam Avstriyada müsahibə verir və sanki, Putinin xoşuna gəlmək üçün bölgədə vəziyyəti şərh edir. Halbuki Suriya problemi bizə bir o qədər də dəxli olmayan məsələdir, tərəf tutmağa qalsa, bizim marağımıza uyğun nə o tərəfdən, nə də bu tərəfdən hansısa qüvvə yoxdur. Milli duyğularımızdan çıxış edərsək, orada qan qardaşlarımız olan türkmənlərin Əsəd gücləri və Rusiya aviasiyası tərəfindən qətliamına etiraz etməməz lazım gəlir. İnsanlıq duyğusundan çıxış edərsək, rejim tərəfindən qətl etdirilən, Türkiyənin və Avropanın çöllərində səfalət içində yaşayan milyonlarla insanın aqibətinə acımamız yerində olur. Ancaq Əsədin və onun dəstəkçilərinin haqlılığını, legitimliyini diplomatik dillə ifadə etmək, həm millilikdən, həm də humanizmdən uzaq bir davranışdır. Araz Əzimov çox yaxşı bilir ki, Əsəd ordusu deyilən ciddi bir qüvvə yoxdur, onun saflarında İran xüsusi təyinatlıları-Hizbullah, Rusiya hərbçiləri və son vaxtlar da kürdlər döyüşürlər. Əsədi dəstəkləyən qüvvələr tam əmin ola bilərsiniz ki, Dağlıq Qarabağda sabah ermənilərilə müharibəyə başlasaq, eyni tərkibdə ermənilər tərəfdən bizə qarşı vuruşacaqlar. Ona görə də hətta millətimizə düşmən olan ünsürlərə ürəklərində simpatiya olsa belə, bu kimi həssas mövzularda diqqətli olmaq bütün rəsmi şəxslər üçün vacibdir”, deputat Facebook statusunda yazıb.