Dünyanın diqqəti Qəzzada müharibəyə yönəldiyi bir vaxt, işğal altnda olan İordan çayının qərb sahilində gərginlik artıb. Orada İsrail əsgərləri ilə toqquşmalar, həbs reydləri və yəhudi mühacirlərin hücumları nəticəsində son bir həftə ərzində 54 fələstinli həlak olub. BMT-nin müşahidəçiləri bunun ən azından 2005-ci ildən bəri ərazidə fələstinlilər üçün ən tələfatlı həftə olduğunu bildirir.
HƏMAS-ın İsrailə ölümcül hücum edərək, militantların 1300-dən çox insanı öldürüb, təxminən 150 nəfəri qaçırdığından bəri İsrail qüvvələri İordan çayının qərb sahilində nəzarəti gücləndirib, əraziyə keçid məntəqələrini və şəhərlər arasında nəzarət-buraxılış məntəqələrini bağlayıb. Onlar bu tədbirlərin hücumların qarşısını almaq məqsədi daşıdığını bildirir.
Ən çox tələfar cümə günü olub. Belə ki, İordan çayının qərb sahilində müxtəlif insidentlər nəticəsində 16 fələstinli öldürülüb.
Ordu ötən həftə baş verən hücumdan bəri İordan çayının qərb sahilin boyunca keçirdiyi reydlər zamanı 200 nəfəri, o cümlədən 150 HƏMAS əməliyyatçısını həbs etdiyini bildirib. İordan çayının qərb sahilində HƏMAS militantları olsa da, onlar İsrailin ərazi üzərindəki sıx nəzarəti səbəbilə əsasən gizli fəaliyyət göstərir.
Son tədbirlər İsrail münaqişənin çoxcəbhəli müharibəyə çevrilməsindən, xüsusilə də livanlı Hizbullahın da döyüşə qoşulma ehtimalından narahat olduğu bir vaxta təsadüf edir.
Ancaq fələstinlilər deyir ki, İsrailin İordan çayının qərb sahilində gördüyü tədbirlər təhlükəsizlik qüvvələri ilə radikal, zorakı mühacirlər arasındakı fərqi daha da azaldıb. İsrailin milli təhlükəsizlik naziri və uzun müddət anti-ərəb təhrikçiliyi ilə məşğul olan ifrat sağçı mühacir İtamar Ben-Qvir HƏMAS-ın hücumuna cavab olaraq onsuz da yaxşı silahlanmış mühacir əhaliyə daha çox silah paylayıb və təhlükəsizliyi onlara tapşırıb.
O bu həftə yaydığı açıqlamasında deyib ki, onun ofisi, xüsusilə də İordan çayının qərb sahilindəki yəhudi yaşayış məntəqələrində israilli mülki vətəndaşlara 10 min odlu silah, habelə döyüş vasitələri, qoruyucu jiletlər və dəbilqələr paylayır.
“Biz dünyanı elə dəyişəcəyik ki, yaşayış məntəqələri müdafiə olunacaq,” o deyib. “Mən yaşayış məntəqələrini və şəhərləri qorumaq üçün mülki ehtiyat hissələrinin kütləvi şəkildə silahlanmasına göstəriş vermişəm.”
Cümə günü bir videoda əlində tüfəng olan bir mühacirin İordan çayının cənubundakı Əl-Tuvani kəndinə daxil olduğu və bir fələstinliyi yaxın məsafədə vurduğu əks olunub.
Bundan iki gün öncə mühacirlər İordan çayının qərb sahilinin şimalındakı Nablus şəhəri yaxınlığında Qusra kəndində üç fələstinliri güllələyərək öldürüblər. Fələstinli səhiyyə nazirliyinin məlumatına görə, cümə axşamı mühacirlər onların dəfn mərasimlərinə hücum edərək, başqa iki nəfəri öldürüblər