ABŞ-ın müdafiə naziri Robert Geyts Bəhreyndə hökumət əleyhinə nümayişlər uzun sürərsə, şiə İranın vəziyyətdən istifadə edib, problemlərə yol aça biləcəyini deyib. Bu gün Bəhreyn kralı və şahzadəsi ilə görüşündən sonra nazir İranın Bəhreyn və Yaxın Şərq ölkələrindəki etirazlara səbəb olduğuna dair dəlil olmasa da, Bəhreyndəki vəziyyətin zamanın əleyhinə işlədiyini deyib. Dünən Bəhreyndə polis minlərlə şiə nümayişçiyə qarşı gözyaşardıcı qazdan istifadə edib. Nümayişçilər paytaxt yaxınlığında Manama şəhərindəki kral sarayına doğru irəliləyib. Hüquq-mühafizə orqanları hökumət əleyhdarı nümayişçilərin sünni hökumətin tərəfdarları ilə qarşıdurmasına mane olmaq məqsədi ilə kompleksə gedən yolları bağlayıb. Hökumət tərəfdarları əllərində qılınc, dəyənək və pubuqlarla kral sarayı yaxınlışına toplaşıb. Xəbərlərdə hər iki tərəfdən nümayişçilərin polisi daşa basdığı bildirir. Şiələrin başçılıq etdiyi müxalifətin aksiyaları həftələrdir ki, davam edir.