Elis Qast: Amerika ilə Azərbaycan elm və təhsil sahəsində əlaqələri genişləndirəcək

Elis Qast: Amerika ilə Azərbaycan elm və təhsil sahəsində əlaqələri genişləndirəcək

Xanım Qast Amerikanın Azərbaycanla təhsil sahəsində mübadilə proqramlarını davam etdirəcəyini bildirib

ABŞ prezidentinin təhsil və elm üzrə xüsusi elçisi Elis Qast Azərbaycana səfəri çərçivəsində bu gün Səngəçal Neft-Qaz Terminalında olub. Xanım Qasta terminallın fəaliyyəti, Xəzərdəki neft-qaz yataqlarının işlənməsi, xarici şirkətlərin neft və qaz layihələrində iştirakı, Bakı – Tbilisi - Ceyhan neft kəməri və Bakı - Tbilisi - Ərzurum qaz kəməri ilə bağlı məlumat verilib. Sonra xüsusi elçi terminaldakı muzey ilə tanış olub.

O Azərbaycana səfərimin əsas məqsədinin iki ölkə arasında elm və təhsil sahəsində əlaqələrin genişləndirilməsi və gücləndirilməsi olduğunu bildirib. “Təhsil və elm istənilən ölkənin inkişafı üçün çox mühümdür. Səfərim zamanı universitet rektorları ilə görüşdən məmnun qaldım. Azərbaycan təhsil sahəsində beynəlxalq əlaqələrini genişləndirir və təhsil metodunu gücləndirir”.

Xanım Qast Amerikanın Azərbaycanla təhsil sahəsində mübadilə proqramlarını davam etdirəcəyini bildirib. ”Kafedralar, fakültələr arasında da əməkdaşlıq genişlənməlidir. Xüsusi olaraq enerji, ətraf mühitin qorunması və yeni texnologiyalar sahəsində əməkdaşlıq davam etdiriləcək. Fulbrayt mübadilə proqramı genişləndiriləcək, tələbə mübadiləsi artırılacaq. Mühəndislik sahəsində də əlaqələri genişləndirmək istəyərdik”, - deyə o qeyd edib.
Doktor Elis Qast prezident Obamanın elm və təhsil sahəsində ikitərəfli əlaqələrin gücləndirilməsi təşəbbüsünün bir hissəsi olaraq martın 11-dək Azərbaycanda səfərdə olacaq. Doktor Qats tanınmış kimyaçı mühəndisdir. O Lixay Universitetinin rektorudur.
Xatırladaq ki, ABŞ-ın Elm Nümayəndəsi Proqramı Administrasiyanın qlobal elm və texnologiya sahəsindəki öhdəliyinin əsasını təşkil edir. Bu proqramı prezident Obama 2009-cu ilin iyununda Qahirədə elan edib. Proqrama görə, elm nümayəndələri fərdi şəkildə səfərlər həyata keçirir və topladıqları məlumatlar əsasında Ağ Ev, Dövlət Departamenti və ABŞ-ın elm ictimaiyyətinə məsləhətlər verir.