Tələbələr Baş nazir Nikol Paşinyan və hökumətinin son 30 ildə iki dəfə müharibədə olduğu Azərbaycanla bağladığı torpaq sövdələşməsinə etiraz edərək, "itaətsizlik günü" çərçivəsində Yerevanda küçələri bağlayaraq, erməni arxiyepiskopunun rəhbərlik etdiyi yürüşlərdəki müxalifət qruplarına qoşulub.
On minlərlə erməninin paytaxtın mərkəzi meydanına toplaşmasından bir gün sonra erməni apostol kilsəsinin Tavuş yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyan mayın 10-da keçirilən yürüşə rəhbərlik edib və universitet tələbələrini Paşinyana istefa verməsi üçün təzyiq göstərməyə çağırıb.
Mayın 10-da axşam Yerevanın Respublika meydanında yeni mitinqə çağıran Qalstanyan jurnalistlərə “Biz vətəndaş itaətsizliyi aksiyalarımızı davam etdirməliyik. Biz heç bir şəkildə geri çəkilməyəcəyik" deyib.
İğtişaşlar Sovet dövründə Azərbaycanın tərkibində olan, lakin 1990-cı illərdən Ermənistanın nəzarətinə keçən dörd kəndin nəzarətini Bakıya verəcək mübahisələrə səbəb olan sərhəd-demarkasiya sazişindən qaynaqlanıb.
Paşinyan, o cümlədən ABŞ və Avropa İttifaqı tərəfindən alqışlanan sərhəd razılaşması, müxalif siyasətçilərinin kəndləri heç bir zəmanət olmadan Azərbaycana vermək ittihamı ilə qarşılanıb.
"Parlamentin deputatları ilə danışdıq. Onlar bu prosesi davam etdirməyə, qanuni şəkildə başa çatdırmağa hazırdırlar. Bundan sonra baş nazirliyə namizəd tələb olunacaq və bundan sonra yəqin ki, ad açıqlanacaq" - deyə, Qalstanyan bildirib.
Mayın 9-da Qalstanyan Respublika meydanına toplaşan tərəfdarları qarşısında çıxışı zamanı deyib ki, Paşinyanın istefasını elan etmək üçün cəmi bir saat vaxtı var.
Qalstanyan parlamentdə Paşinyanın impiçmentinin mümkünlüyü araşdırıldığı üçün tərəfdarlarını “daha iki və ya üç gün” səbirli olmağa çağırıb.
Qanunverici orqanda təmsil olunan iki müxalifət qrupu parlamentdə baş nazirə etimadsızlıq səsverməsinə başlamağa söz verib. Lakin Paşinyanın “Mülki Müqavilə” partiyasının nəzarətində olan palata və onu təmsil edən yüksək səviyyəli qanunvericilər nə onların, nə də hökumətyönlü həmkarlarının heç birinin belə bir təklifi dəstəkləməyəcəyində israr etdiyinə görə, səsvermənin nə vaxtsa baş tutacağı bəlli deyil.
Paşinyanın siyasi müttəfiqləri və digər tərəfdarları son iki həftə ərzində dinc keçən etirazlar zamanı Qalstanyana şifahi hücum edib.
Ermənistan parlamentinin aprelin 30-da keçirilən iclasında hökumətyönlü deputatlar Qalstanyanı rus casusu kimi qələmə verib, onu Azərbaycanla növbəti müharibəni qızışdırmaqda ittiham edib və hətta erməni sərhədçilərini 52 yaşlı arxiyepiskopu zorla hərbi xidmətə çağırmağa səsləyib.
Paşinyan bildirib ki, birtərəfli güzəştlər Azərbaycanın Ermənistana hərbi müdaxiləsinin qarşısını almaq üçün lazımdır. Ermənistan müxalifəti hesab edir ki, Paşinyan faktiki olaraq Bakını Ermənistandan daha çox ərazi tələb etməyə və bu məqsədlə güc tətbiq etməyə təşviq edir.
Ermənistan iki rəqib Cənubi Qafqaz ölkəsi arasında sərhədin müəyyənləşdirilməsində ilkin addım kimi təhvil-təslimlə razılaşıb.
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və onun azərbaycanlı həmkarı Ceyhun Bayramov mayın 10-da Qazaxıstanın Almatı şəhərində sülh danışıqları aparmalıdır.
Ermənistan və Azərbaycan arasında son otuz ildə, SSRİ dağılandan bəri əhalinin əksəriyyəti erməni olan və beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınan Dağlıq Qarabağ regionu uğrunda iki dəfə mübaribə olub.
1994-cü ildə başa çatan döyüşlərdə bölgə erməni hərbçilərinin dəstəyi ilə separatçı qüvvələrinin nəzarətinə keçib.
2020-ci ildə Azərbaycan Ermənistan qüvvələrinin əvvəlki münaqişə zamanı nəzarət etdiyi Dağlıq Qarabağın bir hissəsini və yeddi ətraf rayonunu geri alıb.
Keçən ilin sentyabrında bir günlük hərbi əməliyyat nəticəsində Bakı regiona tam nəzarəti ələ keçirdikdən sonra 100 minə yaxın etnik erməni ərazini tərk edərək, Ermənistana qaçıb.