Suriyada vətəndaş müharibəsindən qaçan ermənilər Ermənistana sığınır

Suriyada döyüşlər başlayanda Suriya ermənilərinin bir hissəsi Ermənistana qaçmış, lakin iki ilə yaxındır davam edən döyüşlərin güclənməsindən sonra onlar əcdadlarının vətənində qalmağı düşünür. Bu açıqlamaları Amerikanın səsinə müsahibədə Ermənistanın baş naziri Tiqran Sarkisyan verib. O bildirib ki, Ermənistanda təxminən yeddi min Suriya ermənisi var və onlar bir daha geri qayıtmaq imkanına ümidlə baxmırlar.

Tiqran Sarkisyanın sözlərinə görə, ölkədə olan Suriya erməniləri indi gələcək üçün planlar qurur. “Bu yaxınlarda biz Ermənistan prezidentinin ofisində Suriya erməniləri ilə görüş keçirdik. Onların çoxu bizneslərini Ermənistana gətirmək istəyir”-deyə o, müsahibədə bildirib.

Ermənistana qaçmış Suriya ermənilərinin çoxu Hələb şəhərindəndir. Suriyada təxminən 100 min erməninin 80 mini Hələb şəhərində yaşayırdı. Onların çoxu Suriyaya 1900-cu illərdə Osmanlı imperatoruluğundan köçmüşdü.

Suriya qaçqınlarının böyük hissəsi ölkənin şimalı ilə Türkiyəyə, oradan da Ermənistana gəlib. Tiqran Sarkistan deyib ki, qaçqınlar ölkədə qaldıqca Ermənistanın onlar üçün yeganə seçim olduğunu başa düşməyə başlayır.

“Suriyadan qaçan ermənilərin əsas problemləri banklardan maliyyə köçürmələrinin həyata keçirilməsi, avadanlığın daşınması, Ermənistanda bank kreditlərinin və yardımın alınmasından ibarətdir”-deyə Tiqran Sarkisyan bildirib.

Ermənistan prezidenti Serj Sarkistan Suriya ermənilərinə lazım olan hər bir yardımın ediləcəyinə söz verib.

Ermənistan artıq Suriya erməniləri üçün viza rejimini yüngülləşdirib və şagirdlərinin geridə qalmaması üçün Yerevanda Suriya məktəblərinin proqramlarının tədris edildiyi pulsuz məktəb açıb. Hökumət habelə Ermənistanda qohumları olmayan qaçqınlara yardım edir.

Lakin qaçqınların sayının artması Ermənistanın resurslarına öz təsirini göstərməyə başlayır.

Beynəlxalq Valyuta Fondu Ermənistanda işsizlik səviyyəsinin 19 faiz təşkil etdiyini bildirib. Fondun təxminlərinə görə, işsizliik səviyyəsi 2017-ci ilə qədər təxminən 17 faiz civarında qalacaq. Qlobal maliyyə böhranı dövrü tənəzzüldən sonra iqtisadiyyatın bir qədər dirçəlməsinə baxmayaraq, Dünya Bankı Ermənistanda yoxsulluq probleminin başlıca məsələ olaraq qaldığını bildirir.

Ermənistan hökuməti tənəzzüldə olan iqtisadiyyatı dirçətmək məqsədilə sosial proqramlara və təqaüdlərin artırılmasına daha çox maliyyə ayrılmasına çalışır. Lakin Suriyadan qaçqınların, xüsusilə də orada biznesləri olan iş adamlarının Ermənistana gəlməsi müəyyən çətinliklər yarada bilər.

Dünya Bankına əsasən, Ermənistan iqtisadiyyatının 12 faizdən çox hissəsi pul köçürmələrindən asılıdır. Bu köçürmələrin böyük hissəsi Suriyadakı erməni icmasından gəlir.

İndi Ermənistan Suriyadan gələn qaçqınlar üçün hansı işlərin görüləcəyini müəyyən etməlidir. Baş nazir Tiqran Sarkisyan Ermənistan hökumətinin ölkəyə qaçmış Suriya ermənilərinin sosial və iqtisadi ehtiyaclarını təmin etməyə çalışdığını bildirib.