Avropa İttifaqı yanında İslam Əməkdaşlıq Təşkilatının keçmiş nümayəndəsi Arif Məmmədov diplomatik karyeradan sonra siyasi fəaliyyətə başladığını bildirib. Azərbaycan mətbuatında Arif Məmmədovun İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyində səfiri vəzifəsindən geri çağırılması və təşkilatın diplomatı statusundan məhrum edilməsi barədə məlumatlar yayılıb. Arif Məmmədov Amerikanın Səsinə müsahibədə Facebook sosial şəbəkəsində may ayında Bakıda çoxmərtəbəli binada insan ölümülə nəticələnmiş yanğından sonra hökuməti tənqid etməsinə reaksiyalar və gələcək planlarından danışıb.
Facebook səhifəsində yerləşdirdiyi status və buna reaksiyaları şərh edən Arif Məmmədov adi vətəndaş və azərbaycanlı kimi hadisələrə qiymət verdiyini deyib: “Mən öz xalqıma bir vətəndaş kimi və azərbaycanlı kimi başsağlığı verdim və bunu düzgün addım hesab edirəm. Camaat bunu dəstəklədi və hakimiyyətin mənə hücumu əslində mənim populyarlığıma təkan verdi və bu, geniş müzakirə mövzusuna çevrildi.”
Arif Məmmədov diplomatik fəaliyyətinə son qoyub aktiv siyasətə keçməsilə bağlı planlarından danışıb: “Mən artıq Azərbaycan 2015-ci ildə proqramının hazırlanması üzərində işə başlamışam. Hədəfim odur ki, hər bir azərbaycanlı gələn 10 ildə öz gələcəyini necə görür, gələcəyinin necə olmasını görmək istəyirsə, bununla bağlı fikirlərini bildirsinlər. Hansısa bir partiyanın, qurumun, qeyri-hökumət təşkilatının yox, hər bir azərbaycanlının öz ölkəsini necə gördüyünü əks etdirən bir proqramın hazırlanması üzərində işləyirəm.”
Arif Məmmədov Avropada illər uzunu bir sıra beynəlxalq təşkilatlar və qurumlarla işini qeyd edərək, geniş diplomatik təcrübəyə malik olduğunu və Avropanın diplomatik dairələrində yaxşı tanındığını vurğulayıb.
Arif Məmmədov əvvəllər siyasi fəaliyyətlə məşğul olmaması və Azərbaycan cəmiyyətində indyə qədər tanınmamasının problem yaratmayacağını düşündüyünü deyib: “Məni tanıyanlar bilir ki, mən həmişə Azərbaycanda demokratiya, insan hüquqları və qanunun alililyi məsələlərində fəal olmuşam. Bu, Azərbaycanda kiməsə sirr idisə, Avropada bunu ən yüksək siyasi dairələrdə bilirdirlər. Mən hər zaman bu məsələlərdə kifayət qədər öz mövqeyimi bildirmişəm. Bunlar məlum faktlardır. Bunu mən məsləhətləşmələr səviyyəsində aparırdımsa, indi mənə daha geniş imkanlar yaranır ki daha açıq, daha sərbəst ola bilim.”
Arif Məmmədovun sözlərinə görə, onun Facebook-da yazdığı status və buna reaksiyalar Azərbaycanda sosial şəbəkələrdə ən çox müzakirə olunan məsələlərdən birinə çevrilib: ”Mən Avropa Şurasında komitənin sədri idim və sosial şəbəkələr mənim sədrlik etdiyim bölməyə daxil idi. Sosial şəbəkələrin gücünü biz bu gün görürük. Mən bir həftə ərzində diplomatiya dairələrində tanınan bir diplomatdan bu gün daha çox tanınan, artıq bir siyasətçi kimi tanınmağa başlamışam.”
Arif Məmmədov 10 ildən sonra Azərbaycanın daha demokratik, daha çiçəklənən və daha uğurlu bir ölkə olmasını arzu etdiyini bildirib.