Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyev Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, parlament “Diffamasiya haqqında” qanunu qəbul etməlidir. O son zamanlar jurnalistlərə qarşı təzyiqlərin “Diffamasiya haqqında” qanunun qəbulunun qarşısını ala bilməyəcəyini deyib. Eyni zamanda, ekspert diffamasiyanın dekriminallaşdırılmasının mediaya qarşı təzyiqlərin qarşısının alınması üçün təsirinin olmayacağını düşünür.
Sual: Sanki, son dövrlər yenidən mediaya təzyiqlər başlayıb. Xural qəzetinin baş redaktorunun həbsindən sonra, yazıçı Rafiq Tağı bıçaqlanıb. Necə qiymətləndirirsiniz?
Cavab: Mətbuata təzyiqlər heç zaman səngiməyib. Xural qəzetinin redaktorunun həbsi ilə bağlı müxtəlif versiyalar mövcuddur. Amma, bizim qiymətimiz budur ki, qarşı tərəfin nə qədər haqlı olub-omamasından asılı olmayaraq hökuməti, dövləti təmsil edən qurumların qanunu pozmağa və qanunsuz hərəkət etməyə haqqı yoxdur. Həbs prosesində, ona qarşı irəli sürülən ittihamlarda və xüsusilə redaksiyadan müsadirə prosesində bir çox qanunu pozma halları baş verib. Bunlar bizi, jurnalist təşkilatları olaraq narahat edir. Rafiq Tağı ilə bağlı problemi bir qədər fərqləndirərdim və mahiyyət etibarı ilə bu məsələni daha mürəkkəb hesab edirəm.
Xural qəzetinin redaktorunun həbsinin əsl real səbəbləri heç də üzdə deyilənlər deyil. Orada başqa səbəblər də var. Amma, hər halda bu sırf jurnalistika ilə yox, həm də bir siyasi yanaşma tərzi ilə bağlı olan məsələdir. Rafiq Tağının bıçaqlanması isə cəmiyyətdə fərqli fikrə, hətta bəzən əndazəsini aşan fikrə dözümlülük, digər tərəfdən cəmiyyətin inanclar sisteminə, səndən fərqli düşünən böyük toplumun düşüncə tərzinə hörmət məsələsini ortaya çıxarır.
Sual: İctimai fikirdə Rafiq Tağının bıçaqlanmasının İranla bağlı olması yayılıb. Sui-qəsdin yazıçının “İran və qloballaşma qaçılmazlığı” yazısı ilə bağlı olduğu söylənir. Bu nə qədər inandırıcıdır?
Cavab: Əlbəttə, bu ehtimaldır. Amma, inandırıcılığı ondan irəli gəlir ki, son zamanlar Azərbaycan-İran münasibətində bu xəttin doğru ola biləcəyinə meylləndirən bir çox misallar və problemlər var. Biz ardıcıl səslənən təhdidləri də, Azərbaycanda dinə olan münasibətin düzgün olmaması barədə çox kəskin siyasi mahiyyət təşkil edən bəyanatları da nəzərə almalıyıq. Bir neçə dəfə belə cəhdlərin ortaya çıxdığını da nəzərdən qaçırmamalıyıq. Əlbəttə, son dövrlər İranın Azərbaycanda terror törədəcəyi ilə bağlı qərb mediasında gedən məqalələrin də ictimai fikrin bu istiqamətdə yönəlməsinə təsiri var. Bütün bunlarla yanaşı, ictimai rəydə belə təsəvvür öz-özünə yaranmır. Deməli, ictimai rəydə bu fikrin yaranması üçün baza var. İctimai rəyi bu istiqamətə yönəldən problemlər var və bunlar öz həllini gözləyir.
Sual: Xural qəzetinin baş redaktorunun həbsi, Rafiq Tağıya qarşı sui-qəsd “Diffamasiya haqqında” qanun layihəsinin parlamentin müzakirəsinə təqdim edilən vaxta təsadüf edir. Bir sıra rəsmilər bəyan edir ki, bu qanun qəbul edilərsə media ilə ictimaiyyət arasında münasibətlər kəskinləşəcək. Bu fonda parlament “Diffamasiya haqqında” qanunu qəbul edəcəkmi?
Cavab: Rafiq Tağıya hücumun və yaraların xarakteri göstərir ki, qorxutmaq deyil, həyatına son qoymaq cəhdi olub. Bu səbəbdən düşünmürəm ki, hücum qanunun qəbuluna mane olmaq məqsədi ilə hökumətə bağlı hansısa qrup tərəfindən edilməyib. Amma, bu başqa məsələdir ki, belə ağır faktlardan kim necə istifadə edir. Tamamilə mümkündür ki, “bu qanun qəbul edilsə jurnalistləri küçələrdə öldürə bilərlər” tezisini yenidən bərpa etsinlər. Amma, mən bunun əksini deyirəm. Hazırda “Diffamasiya haqqında” qanun hələ qəbul edilməyib və hazırki vəziyyətdə hökuməti qane edən durum və qanunvericilik yazıçının bıçaqlanmasının qarşısını ala bilmədi. Hesab edirəm ki, qanunun sərtliyi belə hadisələrə yalnız beş faiz təsir imkanına malikdir. Bu hadisələrdə hər şey cəmiyyətin və hakimiyyətin dözümlülüyündən və yanaşma tərzindən asılıdır. Hesab edirəm ki, “Diffamasiya haqqında” qanun yaxınlarda qəbul ediləcək. Amma, bu qanunun qəbulu hökumətimizin mediaya, jurnalistlərə münasibətini dəyişəcəkmi? Təəssüf ki, bu suala indi birmənalı cavab vermək mümkün deyil. Çünki, bu qanunun qəbulu uğrunda mübarizə dövründə artıq digər qanunvericilik aktlarına bundan daha təhlükəli maddələr əlavə edilib.