Arif Hacılı: İlham Əliyev Azərbaycan xalqına barmaq silkələdi, müxalifətə hədə-qorxu gəldi

Your browser doesn’t support HTML5

“İlham Əliyev faktiki olaraq Azərbaycan xalqına barmaq silkələdi, müxalifətə hədə-qorxu gəldi.” Bunu Müsavat partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə müshaibəsində prezident İlham Əliyevin Novruz bayramı müraciətində müxalifəti hədələməsinə reaksiya olaraq bildirib.

Arif Hacılı İlham Əliyevin Novruz bayramı ilə əlaqədar xalqa müraciətində ölkədəki müxalifətlə bağlı səsləndirdiyi fikirləri əsassız və absurd adlandırıb.

Azərbaycanda da koronavirusla bağlı vəziyyət pisləşərsə və indikindən daha ağır olarsa fövqəladə vəziyyətin, karantinin elan olunması istisna deyil. Ancaq bunun represiyyaların edilməsi anlamına gəlməsi elə İlham Əliyevin özünün siyasətə, idarəçiliyə baxışı və dünyagörüşünün göstəricisidir.
Arif Hacılı

Arif Hacılının sözlərinə görə, beşinci kolon düşmənə xidmət edən daxili siyasi qüvvə deməkdir. Onun fikrincə, əgər İlham Əliyev Azərbaycan müxalifətini beşinci kolon adlandırırsa, o zaman onların hansı xarici qüvvəyə işlədiyini də deməlidir.

İlham Əliyevin bayram mesajında fövqəladə halın elan olunmasını istisna etməməsinə də reaksiya bildirən Müsavat başqanı deyib:

“İlham Əliyev Azərbaycan xalqına dayaq durmaq, Azərbaycan xalqını bu vəziyyətdən nə cür çıxaracağı barədə planlarından danışmaq əvəzinə Azərbaycan xalqına hədə-qorxu gəlir və fövqəladə vəziyyəti heç də Azərbaycan xalqını çətin vəziyyətdən çıxarmaq üçün yox, məhz rəqiblərə, opponentlərə, müxalifətə divan tutmaq məqsədilə elan etmək niyyətində olduğunu bildirir”

Arif Hacılı deyib ki, İlham Əliyevin çıxışı xalq arasında narazılıqlara səbəb olub.

“Mənə elə gəlir ki, İlham Əliyev özünün növbəti siyasi səhvlərindən birinə yol verib.”

Müsavat başqanı bildirib ki, İlham Əliyev illər boyu bu müxalifətə qarşı bu cür ittihamlar irəli sürüb, amma heç vaxt sübut irəli sürməyib.

Arif Hacılı fevralın 9-da Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərindən də bəhs edib. O həmin seçkidə Müsavat partiyasının iştirak etməsinə baxmayaraq partiyadan heç bir namizədin parlamentə seçilmədiyini deyib.

Onun sözlərinə görə, Rusiyanın dövlət telekanalında çıxış edən siyasi analitiklər rusiyameylli siyasət yürütməyən hər hansı siyasi partiyanın Azərbaycan parlamentinə daxil olmasının mümkün olmadığını və bunun baş vermədiyini bildirin.

“Bunun arxasınca Jirinovski bəyanat verdi ki, məhz onların təkidi ilə, onların məsləhəti ilə Azərbaycan höküməti rusiyameylli olmayan siyasi qüvvəni parlamentə buraxmadı və onlar bizim bu tələbimizi anlaşıqlı qarşıladılar.”

Arif Hacılı hesab edir ki, bu cür ittihamlara cavab verilmədiyi halda beşinci kolon axtarmaq və kimlərisə beşinci kolon adlandırmaq "absurddur və yersizdir."

Onun sözlərinə görə, digər ölkələrdə fövqəladə vəziyyət vətəndaşları xilas etmək, onları səfərbər etmək üçün elan olunsa da, İlham Əliyev fövqəladə vəziyyətdən repressiyalar aparmaq üçün istifadə etməyi düşünür.

“Fövqəladə vəziyyət siyasi azadlıqları məhdudlaşırmaq, siyasi rəqiblərə qarşı edilmək məqsədilə elan olunmur. Azərbaycanda da koronavirusla bağlı vəziyyət pisləşərsə və indikindən daha ağır olarsa fövqəladə vəziyyətin, karantinin elan olunması istisna deyil. Ancaq bunun represiyyaların edilməsi anlamına gəlməsi elə İlham Əliyevin özünün siyasətə, idarəçiliyə baxışı və dünyagörüşünün göstəricisidir.”