Alimlər arıların problemlərini müəyyən etmək üçün onların səslərini dinləyir [Video]

Your browser doesn’t support HTML5

Alimlər arıların problemlərini müəyyən etmək üçün onların səslərini dinləyir

Alimlər uzun zamandır bal arısı koloniyalarının qəflətən ölmələrinin səbəbini araşdırır. Lakin koloniyanın dağılması sindromu hələ də müəmma olaraq qalır. Bu müəmmaya bəzi cavablar tapmaq üçün, Simon Fraser universitetinin alimləri yüksək texnologiyalı nəzarət sistemindən istifadə edərək arıları dinləyib, onların sağlamlığı ilə bağlı ipucları əldə etməyə çalışır.

Ulduz Puyanfar 20 min arı üzərində tədqiqat aparır.

O, pətəkdə hər hansı bir problemin olduğuna işarə edəcək səs, vibrasiya, temperatur və rütubətdə kiçik dəyişiklikləri yoxlayan mürəkkəb bir cihazdan istifadə edir.

“Bu, pətəyə nəzarət sistemidir. Bununla biz pətəkdəki problemləri müəyyən edirik. Məsələn, buna xəstəlik və ya ana arının ölümü kimi hallar daxildir. Bizim işlədiyimiz arıçının 5 min pətəyi var. Təsəvvür edin ki, onların hər birini tək-tək mütəmadi olaraq yoxlamaq nə qədər vaxt alır”, o deyir.

Arılar çox dəqiq qruplara bölünüb. Yəni onların müəyyənləşdirilmiş rejimlərində, səs nümunələrində və ya temperaturda hər hansı dəyişiklik problemin müəyyən edilməsinə gətirib çıxara bilər.

Bizim tədqiqatımız “Vankuverdə biznes” jurnalında dərc olunandan sonra, bizə bir çox arıçı müraciət edib, məhsulumuzu əldə istmək istəyir. Ona görə də, biz daha ucuz versiyasını hazırlamaq istəyirik ki, arıçılar onu pətəklərin üzərində saxlaya bilsin.
Ulduz Puyanfar

“Biz bu məlumatı toplamaq istəyirik ki, daha sonra arı öləndə və ya nə isə baş verəndə əlimizdə həmin ana aid məlumatlar olsun, çünki hazırda biz arı koloniyalarının dağılması sindromunun səbəbini müəyyən edə bilmirik. Amma bəlkə, bu yeni sistemlə gələcəkdə arılara nə olduğunu anlaya bilərik”, deyə Puyanfar bildirir.

Onun texnologiyası ilə bağlı artıq məlumat yayılıb və arıçılar sistemi əldə etmək istəyir.

Ulduz Puyanfar: “Bizim tədqiqatımız “Vankuverdə biznes” jurnalında dərc olunandan sonra, bizə bir çox arıçı müraciət edib, məhsulumuzu əldə istmək istəyir. Ona görə də, biz daha ucuz versiyasını hazırlamaq istəyirik ki, arıçılar onu pətəklərin üzərində saxlaya bilsin”.

İndi isə Ulduz elə bunu edir. O, sisteminin ucuz, istifadəsi rahat olacaq daha standart versiyası üzərində çalışır.