Ərdəbilin tarixi bazarı dağılmaq təhlükəsi ilə üzləşir

Ardabil bazaar

İran Azərbaycanının Ərdəbil şəhərinin tarixi bazarı baxımsız buraxıldığı üçün dağıla biləcəyi və bunun faciəyə yol verə biləcəyi haqda xəbərdarlıq verilib.

Bu barədə Ərdəbilin İslami Əsnaf Cəmiyyətinin sədri Səid İrani Cəm İLNA xəbər agentliyinə verdiyi müsahibədə Ərdəbilin tarixi bazarının yaxın zamanda təmir edilməyəcəyi təqdirdə ölkənin cənubunda Abadanda Metropol qəzası kimi bir faciə baş verə biləcəyini deyib.

O, şəhərin tarixi bazarının binasının təmir edilməsinin gecikməsinin səbəbini də açıqlayıb. İrani Cəm deyib ki, ölkənin Şəhərsalma və Abadlıq Qurumu tərəfindən 16 milyard tümənlik büdcə ayrılıb. Rəsminin dediyinə görə, sözü gedən qurum tərəfindən həmin büdcə Ərdəbilin Yol və Şəhərsalma İdarəsinə verilib, ancaq üzərindən il öncə keçməsinə baxmayaraq, müxtəlif bəhanələrlə Mədəni İrs İdarəsinə verilməyib.

Əsnaf cəmiyyətinin sədri bazarın bəzi izdihamlı bölmələri uçmaq və dağılmaq ərəfəsində olduğunu və vətəndaşlar üçün ciddi təhlükə yaratdığını qeyd edərək deyib ki, "gec hərəkət etsək, ərdəbilliləri Metropoldan qat-qat pis hadisə gözləyəcək."

Buna baxmayaraq, Ərdəbil Mədəni İrs İdarəsinin rəis müavini Fərdin Eyni, Gostaresh xəbər portalına müsahibədə Ərdəbil bazarında Metropol qəzası kimi bir hadisənin baş verən biləcəyinə dair iddiaları rədd edib, sadəcə iki hissəsinin dağılmaq üzrə olduğunu deyib.

Həmçinin Ərdəbil Mədəni İrs İdarəsinin Texniki işlər üzrə rəsmisi İbrahim Şükri, tarixi bazarın zəncirçilər, pambıqçılar, düyüçülər və dəmirçilər bazarı kimi hissələrinin təmirə ehtiyacının olduğunu bildirib.

Fars xəbər agentliyi bu məsələ ilə bağlı Ərdəbilin bazarındakı bəzi satıcılarla müsahibə aparıb. Onlar illər öncə Mədəni İrs İdarəsi tərəfindən bazarda aparılan təmirlərin tarixi binanın memarlığını dəyişdiyini bildiriblər.

Rasta Bazar adı ilə tanınan Ərdəbilin üstü örtülü tarixi bazarı İran Milli İrs Siyahısına alınıb və həmin sənəddə onun Səfəvi və Qacar dövlətləri dövrünə aid olduğu qeyd edilib. Həmin sənəddə bazarın Elxanlılar dövləti zamanında önəmli ticarət mərkəzinə çevrildiyi də bildirilir.

İran Azərbaycanında tarixi abidələr və binaların baxımsız vəziyyətdə buraxılması və təmir üçün kifayət qədər büdcə ayrılmaması vətəndaşların və milli fəalların tənqidlərinə səbəb olur.