Araz Əlizadə İranda azərbaycanlıların ayrıseçkiliyə məruz qaldığını düşünmür

Araz Əlizadə İranda azərbaycanlıların ayrıseçkiliyə məruz qaldığını düşünmür

Sosial Demokratların lideri hesab edir ki, əgər azərbaycanlılar öz hüquqlarını qorumaq istəsələr, bunun üçün onların əllərində kifayət qədər imkan var.

Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadə Amerikanın Səsinə müsahibəsində İranda azərbaycanlıların milli mədəni hüquqlarının durumundan söz açıb. Cənab Əlizadənin fikrincə İranda çoxluq təşkil edən azərbaycanlılıarın ayrıseçikiliyə məruz qalması haqda deyilənlər şişirdilib. Sosial Demokratların lideri hesab edir ki, əgər azərbaycanlılar öz hüquqlarını qorumaq istəsələr bunun üçün onların əllərində kifayət qədər imkan var. Araz Əlizadə ilə müsahibəni Tapdıq Fərhadoğlu keçirib:

İrana qarşı son sanksiyalar Azərbaycan sosial demokratları tərəfindən necə görünür?

Hər dəfə Mahmud Əhmədinejadın reytinqi düşdükdə ABŞ-dan İrana qarşı hansısa ittihamlar irəli sürülür. Və bu, o saat xalqı Əhmədinejadın ətrafında mərkəzləşdirir.

İranda sosial demokrat ideyası nə qədər inkişaf edib?

Sosial demokrat ideyasına baxsaq, Tövratda da, İncildə də, Qurani-Kərimdə də olan əsas fikirlər hamısı sosial demokrat ideyasında öz əksini tapıb. Ona görə hərdən bizə deyəndə ki, bu ideya biz şərqlilərə yaddır, mən deyirəm ki, onda deməli Qurani-Kərim də bizə yaddır. Çünki - qardaşlıq, bərabərlik, azadlıq, öldürmə, oğurlama - bütün bu prinsiplərdir sosial demokratiyanın əsası.

Azərbaycanlılara qarşı bu prinsiplər İran ideologiyasında nə qədər əsaslıdır?

İran İslam Respublikasında qanunlar demək olar ki, sosial demokrat əqidəsinə uyğundur. Amma düzdür, sosial demokratlarda daşqalaq etmək yoxdur, asmaq yoxdur, öldürmək yoxdur. Amma məsələn, sosial problemlər həll olunur və sairə. Azərbaycanlılar deyəndə, burada belə qəribə bir nyuans var. Iran əhalisinin yarısından çoxu azərbaycanlıdır, və İranın nazirlərinin əksəriyyəti azərbaycanlıdır və İranın ali dini və siyasi rəhbəri Ayətulla Əli Xamneyi də azərbaycanlıdır. Bəzən deyirlər ki, azərbaycanlıların hüquqları pozulur İranda. Mən İranda tez-tez oluram, qohumlarım da var. Mənə elə gəlir ki, orada azərbaycanlılar farsların hüquqlarını pozurlar. Bir dənə məktəb məsələsidir, amma deyim ki, 91-ci ildə Təbrizdə iki məktəb açılmışdı, insanlar ora öz uşaqlarını vermədilər. Amma bir məsələ də var ki, hər yerdə Azərbaycan dilində danışırlar. Heç kəs nə qadağa qoyur, nə bir şey. Burada bir məsələ də var, o vaxta qədər ki, İranın dövlət dili fars dili olacaq, əlbəttə ki, insanlar uşaqlarını bu məktəblərə verməyəcəklər.

Amma Azərbaycan respublikasi SSRİ-nin tərkibində olub. Elmi-qrammatik dil Azərbaycan dili olub. Elmi mərkəzlər olubdur Azərbaycan dilində. Institutlar olubdur. Elmlər akademiyası olubdur. Müxtəlif elmi institutları olubdur. İranda niyə belə deyil? Yəni deyirsiz ki, hər şey yaxşı təmin edilibdir.

76-cı ildə SSRİ konstitusiyası işlənib sonuncu konstitusiyası qəbul olunanda istədilər ki, milli dilləri respublikaların konstitusiyalarından götürsünlər. Və Azərbaycanda bu haqda universitetdə akademiyada danışdılar. Gürcüstanda isə insanlar küçəyə çıxdılar. Və o zaman Eduard Şevardnadze Moskvaya zəng edəndə ki, nə edim, Suslovun birinci göstərişi o oldu ki, güllələ. Amma Şevardnadze özündə cəsarət tapıb Suslovdan sonra zəng elədi Leonid Brejnevə. Brejnev soruşdu ki, bəs mənası nədir? O, dedi ki, “dil götürülür konstitusiyadan.” O, dedi ki, salın dövlət dilini konstitutsiyaya, ona görə milləti qırmaq lazım deyil. Saldılar, elə oldu ki, elə həmin gün Azərbaycanda da Heydər Əliyev onu saldırdı. Hər respublikanın öz konstitusiyası var idi. SSRİ-nin də konstitusiyasında da var idi ki, sovet respublikaları hamısı müstəqil dövlətlərdir.

Bəs İranda niyə belə olmadı? Çünki neçə illərdi ki, on illərdir ki, azərbaycanlılar öz dilləri, mədəniyyətləri uğrunda üsyanlar ediblər. Sonra, dinc tətillər ediblər, etiraz ediblər, amma hüquqlar təmin edilmir.

İran federativ dövlət deyil, unitar dövlətdir.

Ona görə təmin edilməməlidir?

Yox, mən demirəm ki, edilməməlidir. İranda əgər azərbaycanlılar öz məktəblərini açmaq istəsələr, heç kim onlara qadağa qoymur.

İran konstitusiyasının 15-ci maddəsinə görə dövlət milli, etnik azlıqların dillərini, mədəniyyətlərini təmin etməlidir. Dövlətin də üzərində hüquqi vəzifələr var. Niyə yerinə yetirmirlər? Səbəb nədir?

Bilirsiniz, İranda azərbaycanlılara milli azlıq demək böyük qəbahət olardı. 60 milyonun 35 milyonu azərbaycanlıdır.

Bəs çoxluğun dilini niyə təmin etmirlər? Mədəniyyətini niyə təmin etmirlər?

İranda Azərbaycan mədəniyyəti çox gözəl inkişaf etdirilib. Bəlkə də sizin xəbəriniz var, bəlkə də yoxdur. İranda 300-ə yaxın qəzet və jurnal çıxır Azərbaycan dilində. Kitablar çap olunur Azərbaycan dilində. O, cümlədən mənim atamın ömrünün 28 ilini həsr etdiyi, Azərbaycan dilinə tərcümə etdiyi “Şahnamə”-nin Sovet Azərbaycanında cəmi bir cildi çıxmışdı, İranda isə tam çap olunub Azərbaycan dilində və oxuculara verilib.

Sizin baxışınızca, Iranda azərbaycanlıların mədəni milli hüquqları tam təmin edilib?

Azərbaycanlıların milli hüquqları dünyanın heç bir yerində tam təmin edilməyib.

O cümlədən təhsil hüquqları?

Məktəb, təhsil hüquqlarını heç kim qadağa etmir İranda. Amma bir də deyirəm ki, İranda nazirlərin əksəriyyəti azərbaycanlılardır. Ölkənin başcısı azərbaycanlıdır. Iranda 163 general var, onun 100-ü azərbaycanlıdır. Ona görədə mən düşünmürəm ki, İranda azərbaycanlıların hüquqları pozulur.

Amma bununla yanaşı Azərbaycan respublikasında çox saylı iranlıların təşkilatları var onlarında çox saylı bəyanatları dərc olunur. Dünya Azərbaycanlıları Konqresinin çox saylı bəyanatları səslənir. 2006-cı ildə Təbrizdə milli hüquqlar, mədəni hüquqlarla bağlı böyük nümayişlər keçirildi və və çoxlu adam həbs edildi. Bunlara münasibətiniz?

Hər hansı bir azərbaycanlının harada olur olsun həbsinin mən əleyhinəyəm. Mən İranı demokratik ölkə adlandırmazdım, və adlandırmıram da. Hər bir fərd özü öz taleyinin sahibidir. Əgər təsəvvür edin əhalinin yarısından çoxu azərbaycanlıdır. Və əgər onlar öz həyatlarından narazı olsalar, əgər onlar küçələrə tökülsələr, onlara nə edə bilərlər? Heç nə!