Apellyasiya Məhkəməsi hüquq müdafiəçisini həbsdə saxlayıb

Elçin Məmməd

Bu gün, dekabrın 9-da hakim Həsən Əhmədovun sədrliyilə Bakı Apellyasiya Məhkəməsində Elçin Məmmədin həbs cəzasının üçdə bir hissəsinin çəkilməsilə əlaqədar cəzanın yüngülləşdirilməsi ilə bağlı müraciətinə baxılıb.

Bu barədə Elçin Məmmədin rəhbəri olduğu "Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirmə Cəmiyyəti" məlumat yayıb.

Proses zamanı Məmməd deyib ki, 16 saylı koloniyadan məhkəməyə verilən xasiyyətnamə "reallığı əks etdirmir və sifariş əsasında tərtib edilib".

Xasiyyətnamədə qeyd olunur ki, Məmməd "müvafiq davranış normalarına, etik qaydalara, personal və digər məhbuslarla ünsiyyətə əməl olunmasında səmimiyyət göstərmir".

Məmməd koloniyadakı videomüşahidə kameralarından qeydlərə baxmaq məqsədilə müstəqil monitorinq qrupunun yaradılması barədə vəsatət qaldırıb. Bu da onun davranışının əsl mənzərəsini üzə çıxarardı və məhkəmə öz rəyləri əsasında qərar çıxara bilməzdi.

Məmməd Ali Məhkəmənin Plenumunun 8 oktyabr 2010-cu il tarixli qərarına istinad edib. Həmin qərara əsasən bu cür müraciətlərə baxarkən məhkəmələr subyektiv mülahizələrin dəlilləri ilə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətlərə tam, hərtərəfli və obyektiv baxılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər.

Lakin press-relizdə qeyd olunduğu kimi, məhkəmə vəsatəti və şikayəti təmin etməyib və Məmmədin cəzanı yüngülləşdirməkdən, əsasən şərti olaraq vaxtından əvvəl azadlığa buraxmaqdan imtina edən Suraxanı rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Məmməd hesab edir ki, Apellyasiya Məhkəməsi onun həbsinin sifarişçilərinin iradəsini yerinə yetirib, indi onlar onu mümkün qədər uzun müddətə həbsdə saxlamaq istəyirlər.

Xatırladaq ki, 17 oktyabr 2020-ci ildə Sumqayıt Şəhər Məhkəməsi "Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi" qeyri-hökumət təşkilatının rəhbəri və "Yüksəliş naminə" saytın redaktoru Elçin Məmmədi "oğurluq" və "döyüş sursatlarının və silahların qanunsuz saxlanılmasında" təqsirli bilərək 4 il müddətinə azadlıqdan məhrum edib.

Hüquq müdafiəçisi 2020-ci ilin martında həbs edilib. Hüquqi yardım göstərdiyi qadın ondan şikayət edib. Bundan əvvəl həmin qadın criminal.az saytının redaktoru Anar Məmmədovdan da şikayət edib.

Elçin Məmməd cinayət işini öz hüquq-müdafiə fəaliyyətilə əlaqələndirir. Amnesty International, PEN, FIACAT və digər beynəlxalq təşkilatlar onun həbsini pisləyib. Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.