Milli Televiziya və Radio Şurası (MTRŞ) “ANS Müstəqil Yayım və Media” Şirkətinə televiziya yayımı üçün verilmiş lisenziyasının ləğvi məsələsi ilə bağlı Bakı Apelyasiya Məhkəməsinə müraciət edib.
Bu barədə Report agentliyinə Şuranın aparat rərbəri Toğrul Məmmədov məlumat verib.
T.Məmmədovun sözlərinə görə, məhkəmə 15 gün müddətində məsələyə baxaraq qərar verəcək.
Qeyd edək ki, MTRŞ Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, AzərbaycanBaş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, “Televiziya və radio yayımı haqqında” qanunun tələblərini rəhbər tutaraq “ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırıb. Şura həmçinin ANS televiziyasına, ANS ÇM Yayım və Media” Şirkətinə verilmiş lisenziyanın qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edib.
Öz növbəsində, MTRŞ-nin ANS Müstəqil Yayım və Media Şirkətinin müvəqqəti bağlanması haqqında çıxardığı qərarla bağlı şirkətin baş direktoru Mirşahin Ağayev APA agentliyinə açıqlamasında deyib ki, Fətullah Gülən ANS-in əməkdaşına əlahiddə bir müsahibə verməyib.
“Bu bir mətbuat konfransı olub ki, ANS-in əməkdaşı da digər jurnalistlərlə birlikdə burada iştirak edib. Lakin müsahibə ilə tanış olan şirkət rəhbərliyi bu mətbuat konfransına baxandan sonra və qardaş Türkiyədəki son olayları nəzərə alaraq onu efirə verməməyi qərara alıb".
O bildirib ki, həmişə azad mətbuata dəstək olan prezidentimiz İlham Əliyevdən çoxsaylı kollektivimiz adından xahiş edirik ki, 22 iyul Mətbuat Günü ərəfəsində fəaliyyətimizi bərpa etməklə yüzlərlə əməkdaşımızı və milyonlarla tamaşaçımızı sevindirsin.
M. Ağayev qətiyyətlə bildirib ki, anonslar, ümumiyyətlə, olmayıb və təbii ki, belə olan halda olmayan anonsların efirə getməsindən də söhbət gedə bilməz: "Elə MTRŞ-nin monitorinq xidməti bunu asanlıqla təsdiq edə bilər. Fətullah Gülən sadəcə mətbuat konfransı keçirib və burada iştirak etmiş xarici kütləvi informasiya vasitələri həmin tədbirdən reportaj hazırlayıb, öz internet səhifələrində fotoşəkillər yerləşdiriblər. Bu şəkillərdə ANS-in müxbiri Qənirə Ataşova da var. Azərbaycanın müəyyən saytları isə həmin şəkli öz səhifəsinə qoyub və Gülənlə müsahibənin də ANS-də gedəcəyini anons ediblər. Tam məsuliyyətlə bildiririk: ANS-də Fətullah Gülənin müsahibəsinin anonsu getməyib. Tam əminliklə demək istəyirəm ki bu saytlara ANS-dən belə bir məlumatı heç kim verməyib".
M. Ağayev bildirib ki, baş verənlərdə ANS-in də səhvi olub: "Bizim əməkdaşımızın Fətullah Gülənin mətbuat konfransında iştirak etməsi belə həssas məqamda ciddi ehtiyatsızlıq idi və mən etiraf edirəm ki, bu addımın Azərbaycan və Türkiyə arasında belə böyük narahatlıq yaradacağını güman etməzdim. Bu ciddi xətadır və mən buna görə ANS rəhbərliyi adından Türkiyə və Azərbaycan xalqlarından üzr istəyirəm. Məncə, bizim ən böyük səhvimiz - Türkiyə pasportuna malik jurnalistlərin mətbuat konfransından kənarlaşdırılması zamanı onlarla həmrəylik nümayiş etdirərək tədbiri tərk etməməyimizdir. Bizi xüsusi təəssüfləndirən məqam həm də budur ki, Türkiyədə hərbi qiyam başlanan ilk saatdan ANS-in əməkdaşları fasiləsiz xəbər rejimində çalışmış, Azərbaycan tamaşaçısını hadisə rayonundan ən qaynar xəbərlərlə təmin etmişdi. Qardaş Türkiyədəki təmsilçimiz dəfələrlə hərbçilərin təzyiqi və təhdidləri ilə üzləşmiş, qiyamçıların atəşi altında çalışmışdı. Əməkdaşlarımız ən çətin anlarda belə Türkiyə və Azərbaycan dostluğunu əsas tutmuşdular. Türkiyənin Azərbaycandakı səfirliyi bu fəaliyyətimizə görə bizə təşəkkür etmişdi. Sonda belə alınmasını heç arzulamazdıq. Təəssüf... Bu gün biz həm də ANS-in milyonlarla tamaşaçısından üzr istəyirik. Ona görə ki, ANS-in bağlanmasına gətirib çıxaran addım atmış, onları nigaran və müvəqqəti də olsa ANS-siz qoymuşuq. Biz məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına ətrafı izahat, lazımi sübut və dəlillər təqdim etmişik və inanırıq ki, tezliklə ədalətli qərar çıxarılacaq, ANS bundan sonrakı fəaliyyətində daha diqqətli və ehtiyatlı olacaq. Eyni zamanda həmişə azad mətbuata dəstək olan Prezidentimiz İlham Əliyevdən isə çoxsaylı kollektivimiz adından xahiş edirik ki, 22 iyul Mətbuat Günü ərəfəsində fəaliyyətimizi bərpa etməklə yüzlərlə əməkdaşımızı və milyonlarla tamaşaçımızı sevindirsin", o qeyd edib.