İranda kütləvi etiraz aksiyalarında öldürülən Cavad Heydərinin bacısı Fatimə Heydəri Höccət Heydəri adlı daha bir qardaşının həbs olunduğunu açıqlayıb. O, kəndlərindən daha iki nəfərin də həbs olunduğunu açıqlayıb.
Bu barədə mərhum Cavad Heydərinin bacısı Fatimə Heydəri öz Twitter hesabında məlumat paylaşıb.
O, yazıb ki, “mənim, atam və ümumilikdə 15 ailə üzvüm və qohumlarım barəsində həbs qərarı çıxarılıb, evlərdə reyd keçirilib. Bizə “ölkənin daxili/xarici təhlükəsizliyinə qarşı cinayət törətmək üçün toplaşmaq və əlbir olmaq” və "ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə insanları hərbə və bir-birini öldürməyə sövq etmək və təhrik etmək" ittihamları irəli sürülüb.
Fatimə Heydəri qeyd edib ki, onu həbs etmək üçün təhlükəsizlik qüvvələri evə daxil olaraq, orada reyd keçirib, ancaq evdə anasından başqa kimsə olmadığı üçün ailə üzvlərindən heç kimi həbs etməyə nail olmayıblar.
Bundan əvvəl Fatimə Heydəri qardaşı Məhəmmədin onun məhkəmə işi barədə məlumat əldə etmək üçün məhkəməyə müraciət etdiyi zaman həbs olunduğunu bildirmişdi.
SEE ALSO: İranda etiraz aksiyalarında öldürülən Cavad Heydərinin qardaşı Qəzvində həbs edilibHeydəri qardaşı Cavadın dəfn icazəsinin surətini sosial media hesablarından paylaşıb və yazıb ki, "qardaşımızın qətlini törədənlərə qarşı ailəmizin şikayətinə baxacaq səlahiyyətli orqanların hələ də müəyyən edilmədiyinə baxmayaraq, ailə üzvlərimizə qarşı müxtəlif ittihamlar irəli sürülür."
Qəzvin vilayətinin türk vətəndaşlarından olan Cavad Heydəri sentyabrın 22-də şəhərin "Millət" parkı önündə etirazlar zamanı təhlükəsizlik qüvvələri tərəfindən kürəyindən güllə yarası alıb və həyatını itirib.
Qəzvin valiliyinin siyasi və təhlükəsizlik işləri üzrə müavini Əbulhəsən Kəbiri Cavad Heydərinin polis qüvvələrinin komandanlıq qərargahının yaxınlığında olduğunu və "4 dəfə havaya atəş açıldıqdan sonra qaçdığını" və "bir müddət sonra onun meyitinin ağacların yanında tapıldığını" iddia edib. Beləliklə, vilayətin təhlükəsizlik üzrə səlahiyyətli şəxs Cavad Heydərinin polis və yaxud hər hansı təhlükəsiliz qurumlarının məmurları tərəfindən qətlə yetirildiyini rədd edib.
Fatimə Heydəri polisin bu ifadələrinə cavab olaraq, öz Twitter səhifəsində yazıb ki, “22 sentyabrda polis qardaşım Cavad Heydərini arxadan vuraraq öldürdü. Necə ola bilər ki, havaya atəş açılıb, amma güllə mənim qardaşımın bədənindədir? Arxadan atəş açmağa fikir verin! Arxadan atəş açanda deməli, xəbərdar etmək üçün yox, öldürmək üçün güllə atmısınız.”
Mərhum Cavad Heydərinin dəfn icazəsi vərəqəsində ölüm səbəbi kimi “ağır daxili qanaxma", "sol qalça arteriyasının qırılması" və "yüksək sürətli metal mərmi ilə vurulması” qeyd edilib.
İran rejiminin təhlükəsizlik qüvvələri daimi olaraq mərhumun ailəsinə və yaxınlarına təzyiqlər göstərir və ailəsinin onun qırx mərasimi keçirməsinə maneələr tödədib, lakin Heydəri ailəsi bütün təzyiqlərə rəğmən mərasimləri keçirməyə cəhd göstərib.
Fatimə Heydəri qardaşının dəfn mərasimində məzarı üstə saçlarını kəsərək, simvolik etirazını bildirmişdi. Həmin hadisə ölkədə insanların diqqətini cəlb etmişdi. O, habelə qardaşının yas mərasimlərində ağ geyinərək “Ağ geyinirəm, qaranı ürəyi daşdan olan, zülm edənlər geyinməlidir”-deyə bildirmişdi.
Mərhum Cavad Heydəri 1982-ci ildə Qəzvin vilayətinin Rəhmətabad kəndində anadan olub, kənd təsərrüfatı ixtisası üzrə ali təhsil almışdı.