Anna Borşevskaya: Rusiya Qafqazda irimiqyaslı münaqişə istəmir

Your browser doesn’t support HTML5

Rusiyanın Yaxın Şərq siyasətinə diqqətdə saxlayan Vaşinqton İnstitutunun baş elmi işçisi Anna Borşevskaya Amerikanın Səsinə müsahibəsində Rusiyanın Türkiyə ilə münasibətlərini və Azərbaycan-Ermənistan münaqişəsinin bu münasibətlərə mümkün təsirlərini şərh edib.

Amerikanın Səsi: Rusiya ilə Türkiyə Suriya və Liviyadakı qarşıdurmalarda qarşı tərəfləri dəstəkləmişdilər. Qafqazda bənzər bir qarşıdurma gözləmək olarmı?

Anna Borşevskaya: Düşünürəm ki, nə Rusiya, nə də Türkiyə birbaşa qarşıdurma istəyir. Qafqazdakı vəziyyət bir qədər fərqlidir. Rusiyanın həm Ermənistan, həm də Azərbaycanla əlaqələri mövcuddur. Əlbəttə ki, tarixən Rusiya hər zaman Ermənistana tərəf daha çox əyilib. Ancaq buna baxmayaraq, Rusiyanın hər iki tərəflə əlaqəsi var. Halbuki Türkiyə yalnız Azərbaycanla əlaqə saxlayır.

SEE ALSO: Azərbaycan və Ermənistan qoşunları arasında ağır döyüşlər davam edir

Amerikanın Səsi: Prezident Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasındakı görüşləri, həmçinin NATO müttəfiqlərini qəzəbləndirən S-400 raketlərini alma planlarını nəzərə alsaq, bir müddət əvvəl Ankara ilə Moskva arasında bir qədər yaxınlaşmanın şahidi olmuşduq. NATO-nun Baş Katibi Yens Stoltenberq Türkiyəyə son səfəri zamanı Ankaranı Rusiyanın qabaqcıl raketdən müdafiə sisteminin yerləşdirilməsinə "alternativ həll yolları" tapmağa çağırıb və mübahisəli şəkildə əldə edilən S-400-lərin "müttəfiq ölkələrin təyyarələri üçün təhlükə yarada biləcəyini və ABŞ-ın sanksiyalarına yol açacağını" bildirib. Sizcə, bu iki qüdrət arasındakı münasibətlər indi nə yerdədir?

Anna Borşevskaya: Bu, çox gərgin əməkdaşlığın olduğu çox mürəkkəb münasibətlərdir. Bu, getdikcə daha çox fikir ayrılıqları olan ölkələr arasındakı münasibətdir. Ancaq, birincisi, heç bir tərəf birbaşa münaqişə istəmir. İkincisi, ümumiyyətlə, məsələyə geniş baxsaq, Rusiyanın istər silah satışı, istərsə də S-400 səbəbilə Türkiyə üzərində daha çox təsir gücü var, nəinki Türkiyənin Rusiya üzərində. Onlar arasında ikitərəfli iqtisadi münasibətlər daha çox Rusiyanın xeyrinədir. Rusiya, məsələn, Sputnik vasitəsilə Türkiyədə informasiya əməliyyatları aparır və s. Bu növ səbəblərə görə Rusiya və Türkiyə mübarizə aparmaq istəmədikləri bir çox məsələdə fikir ayrılığı yaşayır. Eyni zamanda, ümumilikdə, birbaşa olaraq Rusiyanın əlində daha çox kart var və, yenə də deyirəm - təkcə Cənubi Qafqazda deyil.

SEE ALSO: Ariel Kohen: Rusiyanın məqsədi Türkiyəni kənarda saxlamaqdır

Amerikanın Səsi: Rusiyanın Ukraynaya müdaxiləsindən və ondan sonrakı sanksiyalardan sonra Qərbdən nisbi təcrid olunduğunu nəzərə alsaq, Türkiyənin Rusiya üçün əhəmiyyəti nədir? Ümumiyyətlə, Rusiyanın Türkiyəyə hansı mənada ehtiyacı ola bilər?

Anna Borşevskaya: Rusiyanın o mənada Türkiyəyə ehtiyacı var ki, onunla yaxşı bir münasibət qurması lazımdır, Türkiyə ilə qarşıdurma yaşamaq istəmir. Şübhəsiz ki, Rusiya təcrid olunub. Ancaq bir şeyi xatırlamaq lazımdır ki, Türkiyə də təcrid olunub. Bu isə ironikdir, çünki Türkiyə NATO üzvüdür. Ancaq məsələnin mahiyyəti budur ki, onlar arasında münasibət bir çox səbəbə görə inanılmaz dərəcədə problematik hal alıb. Bunun üçün Rusiyanın o istiqamətdə hədəfi NATO alyansını parçalamaqdır.

Və bu mənada Türkiyənin bu qədər problemli NATO tərəfdaşı olması, əslində həm Putin, həm də Ərdoğan üçün sərfəlidir.

Amerikanın Səsi: Sizin dəyərləndirmənizə görə, Ermənistan və Azərbaycan arasında hərbi münaqişədə Rusiya üçün qırmızı xətt nə ola bilər? Ümumiyyətlə belə bir xətt varmı?

Anna Borşevskaya: Rusiya bəlkə də bariz görünməyən qırmızı xəttini dilə gətirib. Məsələn, Kreml [Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey] Narışkin vasitəsilə bir açıqlama verdi və bölgəyə radikal sünni islamçı döyüşçülərin axınının artmasından danışdı. Kremlin nöqteyi nəzərindən bu, qəbuledilməz bir ssenariyə çevrilir, çünki belə bir halda radikal islamçılar Rusiyaya gələcək. Ona görə də mən Rusiya üzrə təhlilçi və müşahidəçi olaraq, bunu ya məsələnin radikal islamizm - hansı ki, bu qəbuledilməzdir - ya da nəzarətdən çıxan bir döyüş kimi qələmə verilməsi kimi şərh edirəm. Rusiyaya həm də bu qarşıdurmanın nəzarətdən çıxmış ciddi qarşıdurma olması lazım deyil. Bir var ki, söhbət Rusiyanın idarə edə biləcəyi dondurulmuş münaqişədən gedir. Bir də var irimiqyaslı münaqişə - bu, Rusiyanın istədiyi bir şey deyil.