Türkiyə hərbi qüvvələrinin verdiyi məlumata görə, cümə axşamı Suriyanın Afrin şəhərində səkkiz Türkiyə əsgəri öldürülüb, 13-ü isə yaralanıb. Bu, yanvar ayından bəri Türkiyənin Suriyadakı Kürd militantlarına qarşı keçirdiyi “Zeytun budağı” əməliyyatı müddətində ən ölümcül günlərdən biri olub.
Türkiyənin müdafiə naziri Nurettin Canikli cümə günü bildirib ki, “Zeytun budağı” əməliyyatı zamanı 41 türk əsgəri və 116 Azad Suriya Ordusu əsgəri həlak olub.
Ölkənin kütləvi informasiya vasitələrində əməliyyatlar haqqında çox az tənqid görmək mümkündür. Bununla bərabər, sosial mediada bu mövzu ilə bağlı etirazlar və tənqidi yazılar qadağan edilib. Ankarada yerləşən Orta Şərq Texniki Universitetinin beynəlxalq münasibətlər professoru Husein Bağçı bildirir ki, tarix boyu münaqişə zamanı itkilərin artdığı bir zaman, Türkiyə hökümətinin əməliyyatların keçirilməsi ilə bağlı ictimai dəstəyi qoruyub saxlaması daha da çətinləşir.
Genişlənən münaqişə
Cümə axşamı həm də Afrindəki münaqişənin genişləndiyi müşahidə edilib. Məlumatlara görə, Türkiyə ordusunun hava hücumları nəticəsində Suriya hökümətini dəstəkləyən militant qrupun 14 üzvü öldürülüb. Həmin militantlar Türkiyənin hədəfə aldığı YPQ-yə dəstək verirlər.
Kürdlərin YPG qrupuna qarşı əməliyyatların genişlənməsi Türkiyəni Suriyanın şimal ərazilərinə doğru irəliləməsinə məcbur edə bilər. Bu isə Türkiyəyə qarşı təzyiqlərin çoxalması ehtimalını artırır. Ankara YPG qrupunun Türkiyə sərhədlərinə törətdiyi təhlükəni aradan qaldırmaq üçün əməliyyat keçirdiyi bildirir. Kürd militantlara qarşı döyüşlərin terrorçularla mübarizə olduğunu deyən Türkiyə, bu əməliyyata dəstək verməyən müttəfiqlərini qınayır.
Mülki əhali arasında itki
Ankara əməliyyatların necə keçirilməsi ilə bağlı beynəlxalq tənqidlərlə üzləşir.
Hüquq müdafiə qrupları Türkiyə qüvvələrinin laqeyd hücumlarının mülki əhalinin ölümü ilə nəticələndiyi üç müxtəlif insident qeydə aldığını bildirirlər. Öz növbəsində kürdlərin YPG militant qrupu da mülki ərazilərdən minaatanlardan istifadə etdiyi üçün qınanılır.
Qızıl Aypara təşkilatının hesabatına əsasən, 22 yanvar və 21 fevral tarixləri arasında əməliyyatlar nəticəsində 24 uşaq daxil olmaqla, 93 mülki əhali həlak olub. Daha 313 mülki əhalinin yaralandığı bildirilir. Onlardan 51-i uşaqdır.
“Qara propaqanda”
Artan tənqidləri rədd edən Ankara bildirir ki, Türkiyə hərbi qüvvələri mülki əhali arasında itkinin baş verməməsi üçün əməliyyatları ehtiyatla keçirir. Baş nazirin müavini Bekir Bozdağ fevral ayında bildirib ki, “Türkiyə hərbi qüvvələrinin əməliyyatları zamanı mülki əhaliyə heç bir xələl gəlməyib.”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirir ki, məhz bu səbəbə görə Afrin əməliyyatı yavaş irəliləyir. Türkiyə höküməti mülki əhalinin ölümü ilə bağlı bütün hesabatları “qara propaqanda” adlandırır. Eyni yanaşma Türkiyə mətbuatında da müşahidə edilir.
Mülki əhalinin itkisi ilə bağlı beynəlxalq narahatlıq artmağa davam edəcəyi ehtimal edilir. Belə ki, Türkiyənin Kürd militantlarına qarşı əməliyyatı nəticəsində, ordu Afrinin daha çox məskunlaşmış ərazilərinə doğru irəliləyə bilər. Həmin ərazilərdə isə yüzminlərlə insan yaşayır.
Lakin, hələlik Ankara bu tənqidlərə tab gətirməkdə öz strateji əhəmiyyətinə arxalanır.