Gələn ay Avropa İttifaqı Türkiyəni vergi cənnətlərinin qara siyahısına sala bilər. Bu addımın Ankara iləy dünyanın ən böyük ticarət bloku arasındakı əlaqələri daha da gərginləşdirəcəyi gözlənir. Bu haqda “Bloomberg” yazır.
Aİ-nın işçi qrupu belə bir qənaətə gəlib ki, Türkiyə şəffaflıq məsələləri və yumşaq vergi rejimlərinin ləğvinə dair öhdəliklərini “yetərincə” icra etmir. Bunu “Bloomberg”ə məsələ ilə və məxfi sənədlərlə tanış olanlar deyiblər.
Bildirilir ki, “Davranış Kodeksi” adlı qrup dekabrın 5-də Aİ-nın maliyyə nazirlərinə tövsiyə edə bilər ki, Ankaranı öhdəliyə əməl etməyən ölkələrin siyahısına salsın.
İndilik, Aİ ölkələri bu cür əməkdaşlıq etməyən yurisdiksiyalara maliyyə sanksiyalarının tətbiqində fərqli mövqe tuturlar. Ancaq qara siyahıya salınma Türkiyənin nüfuzunu sarsıda, AB şirkətlərinə bu ölkəyə sərmayə qoymamaqdan ötrü təzyiq güclənə bilər. Fransa da daxil olmaqla bir sıra ölkələr beynəlxalq maliyyənin dayandırılması kimi cəza tədbirlərini dəstəkləyirlər. Hələlik, elə bir qərar verilməyib.
Bu arada Almaniya beynəlxalq inkişaf institutlarındakı nüfuzundan yararlanaraq KfW bank, Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankının Türkiyəyə ayırdığı maliyyəni məhdudlaşdırmağa çalışdığı da bildirilir.
“Bloomberg” yazır ki, Almaniyanın kommersiya bankları Türkiyəyə görə məruz qala biləcəkləri riskləri nəzərdən keçirirlər. Kansler Angela Merkel-in sözlərinə görə, Türkiyədə demokratik qurumlara təzyiqlərə cavab olaraq, Aİ bu ölkəyə quruma üzv olanadək göstərdiyi yardımı dayandıra bilər.
Agentlik qeyd edir ki, Türkiyə hələ də qara siyahıdan canını qurtara bilər, amma AB maliyyə nazirlərinin gələn aya planlaşdırılan görüşünədək əlavə öhdəliklərin icrasına yetərincə vaxt qalmır.
Çərşənbə günü işçi qrupun iclasında Böyük Britaniya təmsilçisi deyib ki, Türkiyə AB-nin vacib tərəfdaşıdır.
Ancaq ekspertlərin fikrincə, siyahıya düşməməkdən yalnız siyasi qərarla yaxa qurtarmaq mümkündür.