Anar Məmmədliyə Vatslav Havel mükafatı verildi

AŞPA sessiyası Anar Məmmədliyə mükafat təqdim edir

Sentyabrın 29-da Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) payız sessiyasında Azərbaycanın həbsdə olan hüquq müdafiəçisi Anar Məmmədli Vatslav Havel mükafatına layiq görülüb.

Mükafat Anar Məmmədlinin atası Asəf Məmmədova təqdim edilib.

Asəf Məmmədov AŞPA sessiyasındakı bildirib ki, Anar Məmmədliyə həbsxanadan məktub göndərməyə imkan verilməyib. “Bu mükafat Azərbaycanda siyasi həbslərin tüğyan etdiyi bir dönəmdə verilib. Mükafat Azərbaycanda insan hüquqlarının, o cümlədən həbsdə olan siyasi məhbusların müdafiəsi deməkdir“, deyə o qeyd edib.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli

AŞPA Vatslav Havel adına İnsan Hüquqları Mükafatını ikinci ildir verir. Ötən il mükafat Belarusdan olan hüquq müdafiəçisi Ales Byalyatskiyə verilib.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli 2013-cü il dekabrın 17-də həbs olunub. O vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək seçki və referendumun nəticələrini saxtalaşdırmaqda suçlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi Anar Məmmədlini 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Anar Məmmədli həbsini siyasi sayır. Amnesty International Məmmədlini “vicdan məhbusu” elan edib.