Anar Məmmədov: “İttihamın kökündə jurnalist fəaliyyətim durur”

Your browser doesn’t support HTML5

Yanvarın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə "Criminal.az” saytının baş redaktoru Anar Məmmədovun cinayət işi üzrə məhkəmə iclası olub.

Prosesdə Anar Məmmədov sərbəs çıxış edib, cinayət işinə xitam, özünə isə bəraət verilməsini məhkəmə heyətindən xahiş edib.

Anar Məmmədov Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Ittiham sübut olunarsa jurnalisti 7 ildən çox həbs gözləyir.

İttiham edilməyimin kökündə duran əsl səbəb bütövlükdə jurnalistika fəaliyyətimdir, çünki korrupsiyanı, vətəndaşların hüquqlarının pozulmasını kəskin tənqid edən məqalələr dərc etmişəm.

Anar Məmmədova qarşı Gəncə hadisələri ilə bağlı məlumatlar yaydığına görə cinayət işi qaldırılıb.

Onun günahlandırıldığı məqalənin biri belə adlanır: “Gəncənin güllələnən başçısının qalmaqallı və bəlalı yolu - General Rasim Musayevlə kəllələşmənin pərdəarxası”. İkinci məqalə isə digər agentliyin Gəncə hadisələri ilə bağlı analitik yazısıdır.

İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis serjantına silahlı sui-qəsd olub. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Bundan sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik “radikal dini qrup”un keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetirilib.

Bu hadisə ilə bağlı 60-dan çox şəxsin həbs olunduğu bildirilir. Hüquq-mühafizə orqanlarının məlumatına görə, daha 5 silahlı şəxs isə öldürülüb.

Bugünkü məhkəmə iclasında Anar Məmmədov sərbəst ifadəsində bildirib ki, Cinayət Məcəlləsinin 281.2, 309.2 və 313-cü maddələri ilə təqsirləndirilsə də, həmin maddələrdə nəzərdə tutulmuş hərəkətlərin heç birini törətməyib.

Vəkil Elçin Sadıqov və Anar Məmmədov

“Nə dövlət əleyhinə çağırışlarda iştirak etmişəm, nə də vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərini aşma hesab olunacaq əməl törətmişəm. Yazdığım, eyni zamanda başqa saytlara istinadla yaydığım məqalələrdə ittihamda deyildiyi kimi hakimiyyətin zorla ələ keçirilməsinə və ya Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, dövlət əleyhinə açıq çağırışlarla, habelə dövləti və dövlət hakimiyyət orqanlarını nüfuzdan və dövlətin apardığı siyasətə kölgə salmağa yönələn və ya dövlət hakimiyyəti orqanlarına təzyiq göstərmək məqsədim olmayıb. Sadəcə çoxsaylı digər mənbələrdən əldə etdiyim informasiyalar əsasında gələcəkdə mümkün olan hadisələrin təhlilini dərc etmişəm.”

O hesab edir ki, vəzifə saxtakarlığı və vəzifədən sui-istifadə etmə ittihamları da əsassızdır və bu, ifadə azadlığına müdaxilə sayılmalıdır.

“İttiham edilməyimin kökündə duran əsl səbəb bütövlükdə jurnalistika fəaliyyətimdir, çünki korrupsiyanı, vətəndaşların hüquqlarının pozulmasını kəskin tənqid edən məqalələr dərc etmişəm. Bu gün mənim statusum təqsirləndirilən şəxs olsa da əminəm ki, vaxt gələcək mənə qarşı qanunsuzluq özü araşdırma predmeti olacaq”, o qeyd edib.

O deyib ki, məhkəmə qarşısında dayanması peşəsinə sadiq qalıb obyektivlikdən kənar çıxmadığına görədir.

Barəmdə cinayət işi başlamamışdan əvvəl Criminal.az saytı məhkəmə qərarı olmadan bloklanıb. Yüksək vəzifəli müxtəlif hökumət məmurlarının, o cümlədən parlamentin üzvlərinin təzyiqlərinə məruz qalmışam

“Barəmdə cinayət işi başlamamışdan əvvəl Criminal.az saytı məhkəmə qərarı olmadan bloklanıb. Criminal.az-ın “Facebook” sosial şəbəkəsindəki səhifəsi, “youtube” kanaları da bloklanıb və ya oğurlanıb. Yüksək vəzifəli müxtəlif hökumət məmurlarının, o cümlədən parlamentin üzvlərinin təzyiqlərinə məruz qalmışam. Saytda barələrində yazılmış xəbərlərin silinməsi üçün müxtəlif formalı təklif, təhdid və hücumlara məruz qalmışam. Həmin məmurların himayəsində olan şəxslər, media qurumları tərəfindən “qara piar” kampaniyası ilə üzləşmişəm. Güzəştə getmədiyimə görə barəmdə Baş Prokurorluğa əsassız müraciətlər olub, dəfələrlə Baş Prokurorluğa çağırılmışam. Sırf peşə fəaliyyətimlə bağlı, məqalələrimə görə baş prokurorun birinci müavini Rüstəm Usubovdan bir neçə dəfə xəbərdarlıq almışam. Həmin xəbərdarlıqlar bu gün barəmdə olan cinayət işində ağırlaşdırıcı hal kimi göstərilir. Halbuki, xəbərdarlığa dırnaqarası əsas hesab olunan məqalələrdə “KİV haqqında” qanunu, eyni zamanda ölkə qanunlarını pozacaq bir sətir olmayıb.”

Baş redaktor məhkəməyə bildirib ki, diffamasiya ilə bağlı məhkəmə prosesləri jurnalistlərin, əsasən də onun qorxudulması üçün vasitədir.

“Mənim diffamasiyaya görə ittiham edilməyimdən yüksək vəzifəli şəxslərə və ya digər nüfuzlu şəxslərə ziyan yetirə biləcək xəbərlərin yayılmasının qarşısını almaq üçün vasitə kimi istifadə edilib. Həbsə alınmaq qorxusu ucbatından jurnalistlər özünüsenzuraya əl atmağa məcbur edilirlər. Bu gün məhkəmə qarşısında təqsiləndirilən şəxs kimi dayanmağım da sırf peşə fəaliyyətimlə bağlıdır, qorxudulmağıma hesablanıb.”

Jurnalist ittihamın irəli sürülməsində əsas kimi götürülmüş hər iki məqaləni oxumaqla məhkəmə heyətinin diqqətinə çatdlırıb.

Anar Məmmədov sonra Azərbaycan hökumətinin ifadə azadlığı ilə bağlı konstitusion və beynəlxalq öhdəliklərini xatırladıb.

Onun sözlərinə görə, istintaq iki şəxsin sözlərinə əsaslanıb.

Məhkəmə yanvarın 22-də davam etdiriləcək.