Dünya Ana Dili Günü - İran Azərbaycanında türkcə sevgisi

Bu il İran Azərbaycanının müxtəlif şəhərlərində əhali 21 fevral Dünya Ana Dili Gününü yeni və fərqli yollarla qeyd edib. Müxtəlif şəhərlərdə keçirilən tədbirlərdə və sosial mediada təşkil olunan kampaniyalarda “türk dilinə sevgi mesajları” paylaşılıb.

Dünya Ana Dili Günü ilə əlaqədar ən çox diqqət çəkən kampaniya türkcə kitabların paylanması olub. Türk fəallar bəzi şəhərlər və kəndlərdə xüsusilə uşaqlar və yeniyetmələr arasında türkcə kitablar paylayıblar.

Sosial mediada paylaşılan videoların birində urmiyəli fəalların uşaq bağçalarına gedərək uşaqlara türkcə kitablar hədiyyə etdiyi nümayiş etdirilir.

Türkcə-farsca tələbə dərgisi "Anlam"-ın son sayısı ana dili gününə həsr edilib


Sosial media istifadəçiləri Telegram kimi şəbəkələrdə özləri və uşaqlarının fotoları, videolar, şeirlər və mesajlar paylaşaraq türk dilini sevdiklərini ifadə edib, İranda ana dilində təhsil haqqının təmin edilməsini tələb ediblər.

Bəzi universitetlərdə tələbə fəalları yayımladıqları türkcə-farsca tələbə dərgilərinin son sayını ana dili mövzusuna həsr edərək, türk dili ilə bağlı məqalələr və müsahibələr dərc ediblər.

Sosial mediada geniş paylaşılan şeirlərin birində məktəbdə farscanı yaxşı bilmədiyi üçün müəllimi tərəfindən döyülən şagirdin hekayəsindən bəhs edilir. Şeirin müəllifi şair Rəsul Qurbanidir:

Mədrəsədə müəllim / Yenə döydü əlimdən
Bacarmadım farscanı / İrad tutdu dilimdən
Dedim ağa müəllim / Vurma göynədi əlim
Nədir axı günahim / Türkcədir mənim dilim
...
Qoy böyüyüm bir özüm / Olacağam müəllim
Onda çox iş görəcək / Bu gün göynəyən əlim
Kilasımdan gələcək / Elimizin öz səsi
Olacaqdır o zaman / Türkün də mədrəsəsi

UNESCO 1999-cu ildə 21 fevralı Beynəlxalq Ana Dili Günü elan etdikdən bir neçə il sonra İran Azərbaycanı, eləcə də Tehran kimi vilayətlərdə yaşayan türklər bu bayramla bağlı tədbirlər keçirməyə başlayıblar.

Son 10 il ərzində İran Azərbaycanı və Tehranda Dünya Ana Dili Günü tədbirlərinə qatılan yüzlərlə türk fəal nəzarət altına alınıb və həbs cəzaları ilə qarşılaşıb.