ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn dekabrın 15-də prezident İlham Əliyev və energetika naziri ilə görüşlər keçirib.
Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, prezident Əliyevlə görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğu və uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrin bundan sonra daha da genişləndiriləcəyinə əminlik ifadə olunub.
Söhbət zamanı iki ölkə arasında enerji sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Enenrgetika Nazirliyinin mətbuat xidmətinin məlumatına görə isə nazir Natiq Əliyev ilə görüşdə o, ölkədə neft-qaz hasilatı, yataqların işlənməsi və iri enerji layihələrinin həyata keçirilməsi ilə bağlı vəziyyətin tam nəzarət altında və qənaətbəxş səviyyədə olduğunu diqqətə çatdırıb.
Nazir Azərbaycan üçün “Cənub Qaz Dəhlizi” layihəsinin prioritet olduğunu və hökumətin bu layihənin yerinə yetirilməsinə sadiqliyini vurğulayıb.
“Azərbaycanın dövlət siyasətinin başlıca məqsədi və hökumətin əsas vəzifəsi ondan ibarətdir ki, layihə vaxtında və yüksək keyfiyyətlə həyata keçirilsin. Bu, böyük bir layihədir və onun həyata keçirilməsi beynəlxalq dəstəyin tam təmin olunması şəraitində mümkündür. Bu baxımdan, ABŞ-ın rolu və dəstəyi təqdirəlayiqdir. Biz bu dəstəyi hələ 1994-cü ildən etibarən beynəlxalq şirkətlərlə əməkdaşlığa başlayanda ABŞ-ın flaqman kimi digər dövlətlərin önündə getməsi ilə hiss etmişik”, Əliyev qeyd edib.
Natiq Əliyev Yunanıstan və İtaliya hökumətində baş verən dəyişikliklər və digər faktorların layihənin vaxtında icrasına mümkün təsirləri ilə bağlı narahatlıqlardan da danışıb, ABŞ-ın vəziyyətin tənzimlənməsində rolunu zəruri hesab edib.
Cənab Hokstayn “Cənub Qaz Dəhlizi” layihəsinin onun xüsusi diqqətdə olduğunu deyib.
“Cənub Qaz Dəhlizi” Azərbaycan üçün çox vacibdir. Amma Azərbaycanla bərabər, bəlkə də ondan daha çox Avropa üçün xüsusi əhəmiyyət kəsb edir. Hər iki səbəbdən bu layihə ABŞ üçün strateji məzmun daşıyır. Bu layihənin uğurunu isə indiyə qədər Azərbaycanla ABŞ arasında münasibətlərin yüksək inkişaf səviyyəsi təmin edib”.
O, layihənin ölkəsinin prioritetlərindən olduğunu və yeni hökumətin də layihə ilə bağlı siyasəti eyni şəkildə davam etdirəcəyini bəyan edib.
“ABŞ Azərbaycanın rəqabət qabiliyyətli neft-qaz hasil etməsinə və dünya bazarlarına çıxarmasına bundan sonra da dəstək nümayiş etdirəcək”.
Görüşdə həmçinin dünya neft bazarında qiymətin sabitləşdirilməsi ilə bağlı OPEC çərçivəsində keçirilən görüşlər və görülən tədbirlər barədə müzakirələr aparılıb.