Amnesty International Türkiyəni qınayır

Baş qərargahı Britaniyada yerləşən insan haqları qrupu Amnesty International Türkiyənin kürd üsyançılarına qarşı əməliyyatlarını qınayaraq, hökumətin ölkənin cənub-şərq regionundakı kürdləri kollektiv şəkildə cəzalandırdığını bildirib.

Amnesty International açıqladığı hesabatında Türkiyənin təhlükəsizlik qüvvələrinin PKK-ya qarşı həyata keçirdiyi hərbi əməliyyatları zamanı mülki vətəndaşları nəzərə almamaqda ittiham edib.

Təşkilatın Türkiyə üzrə araşdırmaçısı Endryu Qardner vəziyyətin acınacaqlı olduğunu deyib. “Biz nə gördük? Öldürülənlər yaraqlılar deyil, uşaqlar, yaşlılar və gənclər idi. Bu qətllər hökumət ordusu tərəfindən törədilir və bu, cinayətdir”.

İnsan hüquqlarının müdafiəsi qrupu hesabatında kürdlərin çoxluq təşkil etdiyi cənub bölgələrdə həftələrdir 24 saat küçəyə çıxmamaq da daxil olmaqla, davam edən fövqəladə vəziyyəti də qınayıb. Endryu Qardner tətbiq edilən fövqəladə vəziyyəti kollektiv cəzalandırma adlandırıb. “Həmin bölgələrdə çox sayda adi insan yaşayır və onlar təcili tibbi yardım almaqda çətinlik çəkir. Evdən çıxmaları qadağan edilən insanların ərzaq və içməli suya, eləcə də elektrikə ehtiyacı var. Bu, bölgədə yaşayan on minlərlə insanı cəzalandırmaq deməkdir.”

Ankara isə görülən bütün işlərin mülki vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün olduğunu və terrorizmlə mübarizə apardığını deyir. Vaşinqton və Avropa İttifaqı PKK-nı terrorçu təşkilat kimi tanıyır.

Amnesty International beynəlxalq ictimaiyyəti əməliyyatları lazımi şəkildə qınamamaqda ittiham edir.