Amnesty İnternational NİDA-çı gənclərə dərhal azadlıq tələb edir

Amnesty International

Təşkilat həbsdə olan vətəndaş cəmiyyətinin fəallarına görə narahatdır
Amnesty İnternational (Aİ) beynəlxalq hüquq müdafiə təşkilatı hazırda həbsdə olan NİDA Vətəndaş Hərəkatının fəallarının həbsdən dərhal azad olunması üçün imzatoplanma kampaniyasına başlayıb. Kampaniya təşkilatın saytında keçirilir:http://www.amnesty.org/en/appeals-for-action/youth-activists-Azerbaijan.

Aİ-nin müraciətində fəalların dərhal azadlığa buraxılması tələb olunur. Onlardan bəzisinin işğəncələrə məruz qaldığı qeyd edilir. 17 yaşlı Şahin Novruzlunun 4 dişi sındırılıb. Məmməd Əzizov bir qulağı batıb.

Aİ hesab edir ki, gənclər ifadə azadlığı və dinc etirazların təşkilinə görə təqib olunurlar.

Aİ Azərbaycanın mayın 14-də Avropa Şurasının Nazirlər Komitəsində altı aylıq sədrliyi ərəfəsində ölkə prezidentindən gəncləri dərhal azad etməyə çağırır.

NİDA təşkilatının 8 fəalı 2013-cü ilin mart-may aylarında həbs olunub. Onlar əsgər ölümlərinə etiraz olaraq martın 10-da keçirilən aksiya zamanı iğtişaşların təşkilində ittiham olunurlar. Fəallara qarşı həmçinin qanunsuz narkotik və partlayıcı maddə saxlamaq, xuliqanlıq ittihamları irəli sürülüb.

Amnesty İnternational ifadə azadlığı və dinc etirazların təşkili üçün həbsdə olan Azərbaycanda vətəndaş cəmiyyətinin fəallarına görə narahat olduğunu bildirib.